1897, 1 yanvar |
İrəvan quberniyasının İrəvan qəzasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur. |
1906-1907 |
İrəvandakı rus-tatar məktəbində təhsil almışdır. |
1908-1914 |
Atası ilə bərabər Çita şəhərində yaşayan bacısının yanına getmiş və 6-cı sinifə qədər orada təhsil almışdır. |
1914-1917 |
İrəvana qayıtmış və Oğlanlar Gimnaziyasında təhsilini davam etdirərək oranı qızıl medalla bitirmişdir. |
1917, 1 sentyabr - 1918, 29 may |
Hacı Zeynalabdin Tağıyevə etdiyi müraciət nəticəsində göndərilən vəsait hesabına Petroqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibb Akademiyasında təhsil almışdır. |
1918, 2 fevral – 1918, may |
Petroqradda dezinfeksiya-təmir briqadasında sanitar-dezinfektor vəzifəsində işləmişdir |
1918, may |
Ermənilərin İrəvanda azərbaycanlılara qarşı törətdikləri soyqırım səbəbindən təhsilini yarımçıq qoyaraq İrəvana qayıtmış, ailəsini Şərur rayonunun Şahtaxtı kəndinə aparmışdır. |
1918, sentyabr- 1920, may |
Şahtaxtı kəndindəki tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir. |
1920 |
İrəvanlı Hacı Cabbar Abbasovun qızı Leyli xanımla ailə həyatı qurmuşdur. |
1920, iyul – 1921, iyun |
Ermənilərin Şahtaxtı kəndini işğalından sonra ailəsi ilə birgə İranın Ərəblər (indiki Poldəşt) kəndinə pənah aparmış və oradakı tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir. |
1920 |
Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İranın Podkax kəndində vəfat etmişdir. Anası Zəhra İbrahim qızı Süleymanbəyova İranın Ərəblər (indiki Poldəşt) kəndində vəfat etmişdir |
1921, iyun |
Ailəsi ilə birlikdə Şahtaxtı kəndində qayıtmışdır. |
1921, 3 oktyabr |
Oğlu Tamerlan Şahtaxtı kəndində anadan olmuşdur. |
1921, dekabr – 1923, may |
Şahtaxtı kəndindəki tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir. |
1923, 28 aprel |
Qızı Zərifə Şahtaxtı kəndində anadan olmuşdur. |
1923, may |
Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. |
1923, 19 iyun – 1927, 14 sentyabr |
Azərbaycan SSR Xalq Komissarları Sovetində iş icraçısı, ümumi şöbənin müdiri, katib köməkçisi və katib vəzifələrində işləmişdir. |
1923, sentyabr – 1927, iyun |
İşləməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almışdır. |
1925, 24 aprel – 1928 |
Beynəlxalq İnqilab Mübarizlərinə Yardım Təşkilatının Bakı Komitəsinin üzvü olmuşdur. |
1926, 14 aprel |
Beynəlxalq İnqilab Mübarizlərinə Yardım Təşkilatının I qurultayında Azərbaycan Mərkəzi Komitəsinə üzv seçilmişdir. |
1927, 1 sentyabr – 1929, dekabr |
Tibb İnstitutunda Diaqnostika kafedrasının ordinatoru olmuşdur. |
1928, 22 oktyabr – 1929, 1 iyun |
Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsində işləmişdir. |
1929, 21 iyul – 1930, 28 dekabr |
Xalq səhiyyə komissarının müavini və eyni zamanda Klinik İnstitutunun direktoru vəzifəsində işləmişdir. |
1929 |
Namizədlik dissertasiyasını müdafiə etmişdir. |
1929, 10 dekabr |
Xalq Səhiyyə Komissarının müavini təyin edilmişdir. |
1929, 28 dekabr |
Elmi-tədqiqat sahəsində işə getməsi ilə əlaqədar Xalq Səhiyyə Komissarının birinci müavini vəzifəsindən azad edilmiş, Dövlət Kliniki İnstitutun direktoru vəzifəsində saxlanılmışdır. |
1932, 1 iyun – 1934, 30 avqust |
Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində işləmişdir. |
1933 |
“Azərbaycan tibb jurnalı”nın redaktoru olmuşdur. |
1934, 11 sentyabr |
Ali Məktəblərin İşləri üzrə Ümumittifaq Komitəsinin Ali Attestasiya Komissiyası tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görmüşdür. |
1934, avqust |
Almaniyada elmi ezamiyyətdə olmuşdur. |
1933, 17 noyabr |
Qızı Gülarə Əliyeva Bakı şəhərində anadan olmuşdur. |
1934 -1937 |
Azərbaycan K(b)P MK-nın üzvü olmuşdur. |
1934, 1 iyun – 1935, 3 yanvar |
Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. |
1935, 14 yanvar – 1936, 1 iyul |
Yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsində işləmişdir. |
1936, 1 fevral |
Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. |
1937 |
“Eksperimental nefrit” elmi işi SSRİ Elmlər Akademiyası və Ümumittifaq Komsomolun Mərkəzi Komitəsinin mükafatına layiq görülmüşdür |
1937, 1 yanvar – 1937, 26 iyun |
Eyni zamanda Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir. |
1937, may |
Tibb elmləri doktoru adını almaq üçün “Eksperimental nefrit” mövzusunda dissertasiya işini müdafiə etmişdir. |
1937, dekabr – |
Naxçıvan MSSR-in Culfa dairəsindən SSRİ Ali Sovetinin deputatı seçilmişdir. |
1937-1946 |
Birinci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. |
1938 -1946 |
Birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. |
1938, 1 iyun |
Azərbaycan SSR Xalq Səhiyyə komissarının əmri ilə başqa işə keçməsi ilə əlaqədar Tibb və Əczaçılıq İnstitutunun direktoru vəzifəsindən azad edilmişdir. |
1938, iyun – 1939, sentyabr |
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləmişdir. |
1939, 25 iyun |
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Fəxri fərmanı” ilə təltif edilmişdir. |
1939, sentyabr – 1941, mart |
Azərbaycan SSR Xalq Səhiyyə komissarı vəzifəsində işləmişdir. |
1940, 15 aprel |
SSRİ Xalq Səhiyyə Komissarlığının “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. |
1941, aprel – 1942, sentyabr |
Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmişdir. |
1941,19 avqust – 1942, mart |
SSRİ Müdafiə Komitəsinin qərarı ilə polkovnik rütbəsində Sovet qoşunlarının İrandakı 47-ci ordusunun Hərbi Şurasının üzvü və siyasi rəhbəri olmuşdur. |
1942, aprel – 1942, sentyabr |
Bakıdakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Şurasının üzvü olmuşdur. |
1942, 16 sentyabr |
SSRİ Dövlət Müdafiə Komitəsi Dağıstan Vilayət partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul etmişdir. |
1942, 23 sentyabr- 1948, 3 dekabr |
Dağıstan Vilayət partiya Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. |
1942 |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Lenin ordeni” ilə təltif edilmişdir. |
1942, oktyabr |
Dağıstandakı 47-ci ordunun Hərbi Şurasının üzvü təsdiq edilmişdir.. |
1943, 12 yanvar |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Qırmızı Əmək Bayrağı ordeni” ilə təltif edilmişdir. |
1944, 1 may |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Qafqazın müdafiəsi uğrunda” medalı ilə təltif edilmişdir. |
1944, 9 iyun |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ikinci dəfə “Lenin ordeni” ilə təltif edilmişdir. |
1945, 9 may |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif edilmişdir. |
1945 |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. |
1946, 30 mart |
Oğlu Cəmil Əliyev anadan olmuşdur. |
1946-1950 |
Dağıstan MSSR Mahaçqala seçki dairəsindən SSRİ Ali Sovetinin ikinci çağırış deputatı olmuşdur. |
1947, 14 oktyabr |
Dağıstan Vilayət Partiya Komitəsinin plenumunda yenidən Vilayət Partiya Komitəsinin birinci katibi seçilmişdir. |
1947 |
İkinci çağırış Dağıstan MSSR Ali Sovetinə deputat seçilmişdir. |
1948, 15 noyabr |
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Moskvanın 800 illiyi” xatirə medalı ilə təltif edilmişdir. |
1949, yanvar – 1950, yanvar |
Sov. İK(b)P MK-nın nəzdində İctimai Elmlər Akademiyasının nəzdindəki ali partiya məktəbini bitirmişdir |
1950, 15 yanvar – 1950, 16 fevral |
Sov. İK(b)P MK-da inspektor vəzifəsində işləmişdir. |
1950, 30 fevral – 1951, 5 sentyabr |
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləmişdir. |
1950-1954 |
Üçüncü çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. |
1951 - 1954 |
Üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. |
1951, 12 sentyabr |
Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilmişdir. |
1951, 5 sentyabr – 1952, 10 oktyabr |
Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləmişdir. |
1952, 10 oktyabr – 1954, 23 mart |
Sabunçu rayonundakı Çaparidze adına 3 №-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləmişdir. |
1954, 22 fevral |
Azərbaycan KP MK-nın Bürosu ona verilən şiddətli partiya töhmətinin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. |
1954, 23 mart -1956 |
Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləmişdir. |
1954, noyabr |
Qızı Zərifə Əliyeva Heydər Əliyevlə ailə qurmuşdur. |
1956, 14 may |
SSRİ Ali Təhsil Nazirliyinın Ali Attestasiya Komissiyası səhiyyənin təşkili üzrə professor elmi dərəcəsini təsdiq etmişdir. |
1956 – 1962, 27 iyul |
Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində işləmişdir. |
1960 |
Azərbaycan SSR-in Əməkdar həkimi adına layiq görülmüşdür. |
1957, 30 noyabr |
Uzunmüddətli və qüsursuz xidmətinə görə və həkimlik fəaliyyətinin 30 illiyi münasibətilə Azərbaycan SSR səhiyyə nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. |
1962, 27 iyul |
Qəflətən vəfat etmiş, Bakıda I Fəxri xiyabanda dəfn edilmişdir. |
1962, 27 sentyabr |
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Həkimləri Təkmilləşdirmə İnstitutuna Əziz Əliyevin adı verilmişdir. |
Yubiley tədbirləri |
|
1996, 6 sentyabr |
“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır. |
1997, 27 aprel |
100 illik yubileyi Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində təntənə ilə qeyd olunmuşdur. Dağıstanın Kaspiysk şəhərində yerli Tibb məktəbinə Əziz Əliyevin adının verilməsi münasibətilə xatirə lövhəsinin açılışı olmuşdur. |
1998, 14 may |
Anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. |
2006, 5 dekabr |
“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır. |
2007, 17 dekabr |
Anadan olmasının 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. |
2007, 8 iyun |
Anadan olmasının 110 illiyi münasibətilə Dağıstan Respublikasının Mahaçqala şəhərində beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. |
2013, 25 dekabr |
Xaçmaz şəhərində “Əziz Əliyev Muzeyi”nin açılışı olmuşdur. |
2016, 11 may |
Dağıstan Respublikasının Mahaçqala şəhərində abidəsinin açılışı olmuşdur. |
2016, 18 noyabr |
“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır. |
2016, 23 dekabr |
Anadan olmasının 120 illiyi münasibətilə Dağıstan Respublikasının Mahaçqala şəhərində elmi konfrans keçirilmişdir. |
2017, 10 noyabr |
Gəncədə “Əziz Əliyev mədəniyyət və istirahət parkı” açılmışdır. |
Ədəbiyyat: