AZ | RU

Sərəncamlar

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur.

Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan xalqı qarşısında böyük xidmətlərini nəzərə alaraq görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2016-cı il

 




 

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2007-ci il yanvar ayının 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycan xalqı qarşısında mühüm xidmətlərini nəzərə alaraq Əziz Əliyevin 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əziz Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2006-cı il

 




 

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1997-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan xalqı qarşısında böyük xidmətlərini nəzərə alaraq Əziz Məmmədkərim oğlu Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:
    2. KOMİSSİYANIN SƏDRİ

      Elçin Əfəndiyev - Azərbaycan Respublikası baş nazirinin müavini

      KOMİSSİYANIN ÜZVLƏRİ:

      Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Aparatı Humanitar siyasət şöbəsinin müdiri

      Rəfael Allahverdiyev - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

      Əli İnsanov - Azərbaycan Respublikasının səhiyyə naziri

      Nizami Xudiyev - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri

      Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri

      Lidiya Rəsulova - Azərbaycan Respublikası təhsil naziri

      Eldar Salayev - Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

      Ataxan Paşayev - Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi

      Mirməmməd Cavadzadə - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun rektoru

      Murtuz Ələsgərov - Bakı Dövlət Universitetinin rektoru

      Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru

      Böyükkişi Ağayev - Elmi-Tədqiqat Qastroenterologiya institutunun direktoru

      Nazim İbrahimov - "Azərbaycan” nəşriyyatının direktoru

      Tamerlan Əliyev - Azərbaycan Tibb Universitetinin professoru

    3. Bu sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının

    Nazirlər Kabinetinə tapşırılsın.

    Heydər Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 sentyabr 1996-cı il




    Məruzələr, çıxışlar, nitqlər

     

     

    Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yığıncaqda Dağıstan Respublikası dövlət şurasının sədri Məhəmmədəli Məhəmmədovun çıxışı

     

    Hörmətli təntənəli yığıncaq iştirakçıları!

    Əziz azərbaycanlı qonaqlarımız!

    Bu gün biz Azərbaycanın və Dağıstanın görkəmli dövlət və ictimai xadimi, alim, xalqımızın layiqli oğlu Əziz Məmmədkərim oğlu Əliyevin yüz illik yubileyini təntənə ilə qeyd etmək üçün toplaşmışıq.

    Bizim bu təntənəli yubiley tədbirlərimizdə Azərbaycan Respublikasının Baş naziri, hörmətli cənab Artur Rasizadənin rəhbərliyi ilə belə mötəbər nümayəndə heyətinin iştirak etməsinə görə Azərbaycan Respublikasının rəhbərliyinə, Azərbaycan Prezidenti möhtərəm cənab Heydər Əliyevə ürəkdən minnətdarıq.

    Dağıstan Respublikasının Dövlət Şurası, Xalq Məclisi və hökuməti adından, bütün dağıstanlılar adından əziz azərbaycanlı dostlarımızı hərarətlə və səmimi-qəlbdən salamlayır, onlara möhkəm cansağlığı, Dağıstan torpağında xoş səfər arzulayıram.

    Mən eyni zamanda Əziz Məmmədkərimoğlunun bu yubileydə iştirak edən oğlu, hörmətli Cəmil Əliyevi məmnuniyyətlə salamlayıram.

    Tanınmış tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətinə müraciət etmək, onların əziz xatirəsini yad etmək zamanın və nəsillərin varisliyini təmin etməyin, ən yaxşı milli ənənələrimizi qoruyub saxlamağın çox mühüm şərtidir.

    Əziz Əliyevin adı Dağıstan xalqının tarixinə və yaddaşına əbədi daxil olmuş dövlət xadimlərinin parlaq nəsli sırasında ən layiqli yerlərdən birini tutur.

    Əziz Məmmədkərim oğlu Əliyev 1942-ci ilin sentyabrında ölkənin ali rəhbərliyinin qərarı ilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifəyə təyin olundu. Böyük Vətən müharibəsinin ən ağır illərində taleyin hökmü ilə öz həyatını Dağıstanla bağladı. Respublikada işlədiyi yeddi ildən bir qədər az müddətdə Əziz Məmmədkərimoğlu Dağıstanın qəlbində və yaddaşında silinməz iz qoydu.

    Əziz Məmmədkərim oğlu Əliyev Dağıstanda həqiqi mənada istedadlı siyasətçi və dövlət xadimi, xalq arasında böyük nüfuzu, hörmət və məhəbbəti olan bir insan kimi qarşılandı. Onun rəhbərliyi altında respublika çox nəhəng hərbi-səfərbərlik işi gördü, müharibə dövrünün sərt sınaqlarına ləyaqətlə davam gətirdi, bütün ehtiyatları cəbhəyə yardım üçün yönəldə bildi, müharibənin nəticələrinin aradan qaldırılması və respublikanın xalq təsərrüfatının dinc quruculuq relsi üzərinə keçirilməsi ilə bağlı son dərəcə geniş məsələləri uğurla həll etdi.

    Əziz Məmmədkərim oğlu Əliyevin respublikamızda iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına verdiyi töhfəni Dağıstan xalqları əsl minnətdarlıqla xatırlayırlar. O, Mahaçqalada Akademik Mərkəzin yaradılmasına çox böyük səy göstərmişdir. Sonralar həmin mərkəzin əsasında SSRİ Elmlər Akademiyasının Dağıstan filialı, indi isə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzi təşkil edilmişdir.

    Əziz Məmmədkərimoğlu respublikada ali və orta təhsil müəssisələrinin bazasının genişləndirilməsi və möhkəmləndirilməsində mühüm rol oynamışdır. Onun bilavasitə iştirakı ilə Dağıstanda Elmi Tədqiqat Məktəblər İnstitutu, Qadın Müəllimlər İnstitutu, Pedaqoji Məktəb açılmışdır. O, elmi və yaradıcı ziyalılara, Dağıstanın özünəməxsus ədəbiyyatı və incəsənətinin inkişafına daim qayğı göstərirdi.

    Əziz Əliyev dağıstanlılar üçün istedadlı rəhbər, səmimi və xeyirxah yoldaş, beynəlmiləlçi, respublikamızın rifahı naminə çoxlu qüvvə və enerji sərf etmiş yüksək mənəvi keyfiyyətlərə malik insan olmuşdur və onların qəlbində bu cür də yaşayacaqdır.

    İndiki yubiley tədbirləri Əziz Məmmədkərimoğlunun şəxsiyyətinə və xatirəsinə göstərdiyimiz təkcə dərin ehtiram deyildir. Bu tədbirlər həm də Azərbaycanın və Dağıstanın tarixi talelərinin ümumilliyinin və qarşılıqlı əlaqəsinin daha bir təzahürü, xalqlarımız arasında mehriban qonşuluğun və dostcasına qardaşlığın təsdiqidir. Mənəvi mədəniyyət, milli ənənələr və minlərlə övladlarımızın taleləri əsrlər ərzində xalqlarımızı və respublikamızı birləşdirir. Bu, bizim sərvətimizdir və gələcək nəsillər naminə bunları qoruyub saxlamağa, daha da artırmağa borcluyuq. Ümumi tariximiz, həyatın özü bizi Azərbaycan və Dağıstan xalqları arasında mehriban qonşuluq, dostluq münasibətlərini daha da möhkəmləndirməyə və inkişaf etdirməyə səsləyir.

    Dağıstan Respublikası xalqın iradəsi ilə Rusiya Federasiyasının tərkibində öz yerini həmişəlik müəyyən etmişdir. Ona görə də bizim əməkdaşlarımız üçün əlverişli şəraitin olması Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin vəziyyətindən xeyli dərəcədə asılıdır.

    Biz Əziz Əliyevin bugünkü yubileyini həm də bu qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi yolunda daha bir addım kimi, Dağıstan və Azərbaycan arasında əbədi dostluğun və qardaşlığın rəmzi kimi qiymətləndiririk. Xalqlarımız bu insanın işıqlı obrazını xüsusi məhrəmlik və səmimiyyətlə xatırlayırlar. Onun adı və xoş əməlləri dağıstanlıların bir çox nəsillərinin qədirbilən xatirəsində daim yaşayacaqdır.

    İcazə verin, görkəmli dövlət xadimi və ictimai xadim, alim Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının yüz illiyinə həsr edilmiş təntənəli yığıncağı açıq elan edim.

    27 aprel 1997-ci il,
    Mahaçqala

     




     

    Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yığıncaqda Dağıstan hökuməti sədrinin birinci müavini Baqautdin Əhmədovun məruzəsi

     

    Hörmətli dostlar!

    Qardaş Azərbaycandan gəlmiş əziz qonaqlar!

    Respublikamızın tarixində və xalqın yaddaşında silinməz iz qoymuş Dağıstanın dövlət və ictimai xadimləri sırasında Azərbaycan xalqının dəyərli oğlu, Böyük Vətən müharibəsinin sərt illərində və müharibədən sonrakı ilk quruculuq dövründə Dağıstan Partiya Təşkilatına rəhbərlik etmiş, anadan olmasının yüz illiyini bu günlərdə qeyd etdiyimiz Əziz Məmmədkərim oğlu Əliyev görkəmli yer tutur.

    Biz Əziz Məmmədkərimoğlunun yubileyini təkcə partiya və sovet xadiminin yubileyi kimi deyil, həm də tibb xidməti polkovnikinin, Qızıl Ordunun siyasi işçisinin, gözəl alimin, tibb elmləri doktorunun, professorun və nəhayət, Dağıstanın mədəniyyəti, iqtisadiyyatı, səhiyyəsi, elmi və təhsilinin tərəqqisinə çox böyük töhfələr vermiş siyasətçinin yubileyi kimi qeyd edirik.

    Əziz Əliyevin uşaqlıq və gənclik illəri mürəkkəb və ağır olmuşdur. O, 1897-ci ildə İrəvanda doğulmuşdur. 1917-ci ildə işləyə-işləyə İrəvan qimnaziyasını qızıl medalla bitirir və elə həmin il Peterburq Hərbi Tibb Akademiyasına daxil olur. Lakin obyektiv səbəblərə görə Akademiyada təhsilini başa vura bilmir. Ailəsinin maddi vəziyyəti ağır olduğuna görə 1918-ci ildə təhsilini yarımçıq qoyub, Naxçıvan şəhərinə qayıtmağa və işə girməyə məcbur olur. O zaman ailəsi oraya yenicə köçmüşdü.

    1923-cü ildə o, Bakıya gələrək Azərbaycan Xalq Komissarları Sovetində işə girir. Xalq Komissarları Sovetində fəal çalışmaqla yanaşı, Bakı Universitetinin tibb fakültəsində də oxuyur və 1927-ci ildə oranı bitirir. Universiteti «əla» qiymətlərlə bitirdiyinə görə onu diaqnostika kafedrasında saxlayırlar. Universitetdə əvvəlcə assistent, sonra dosent işləyən Əziz Əliyev tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

    1932-ci ildə gənc alimə yenicə yaradılmış Azərbaycan Tibb İnstitutuna rəhbərlik etmək etibar olunur və o, 1932-ci ildən 1937-ci ilədək rektor vəzifəsində çalışır. Həmin dövrdə Əziz Əliyevin rəhbərliyi altında institutda xeyli tədris-maddi baza yaradılır, yataqxana, yeni tədris korpusları və müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar tikilir, onlarca doktorluq və namizədlik dissertasiyası müdafiə edilir.

    O, 1937-ci ildə - 40 yaşında elə həmin institutda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir və elmi iş gənc alimlərin Ümumittifaq müsabiqəsində SSRİ Elmlər Akademiyasının və ÜİLKGİ MK-nın mükafatına layiq görülür. İnstitutun rektoru vəzifəsində işlədiyi dövrdə görkəmli rus tibb alimlərinin dərslikləri və dərs vəsaitləri onun redaktəsi altında Azərbaycan dilində nəşr edilir, habelə Əziz Əliyevin özünün «Klinik analizlər» adlı sanballı əsəri çap olunur.

    Otuzuncu və qırxıncı illərdə Azərbaycan və Dağıstan ərazisində malyariya tüğyan edirdi. Xəstəlik insanları şikəst edir, bir çoxu ölürdü. Əziz Əliyevin Azərbaycan SSR-in xalq səhiyyə komissarı işlədiyi 1937-1938-ci illərdə respublikada və Dağıstanın onunla qonşu olan rayonlarında, xüsusən Dərbənd rayonunda qısa müddətdə malyariya əleyhinə stansiyalar və dispanserlər yaradılır, avadanlıqla təchiz olunur. Samur-Dəvəçi kanalının keçdiyi yüz kilometrlik ərazidə dava-dərman və tibb işçiləri ilə təmin olunmuş 11 tibb məntəqəsi yaradılmışdır.

    1941-ci ilin avqustunda Əziz Məmmədkərimoğlu polkovnik rütbəsində siyasi rəhbər kimi İranın Təbriz şəhərinə - cənub sərhədlərini qorumaq məqsədilə, SSRİ ilə İran arasındakı müqaviləyə uyğun olaraq, oraya yeridilmiş sovet qoşunlarının qərargahına ezam olunur. Əziz Əliyevin rəhbərlik etdiyi siyasi şöbə sərhədyanı rayonların əhalisi arasında böyük təşviqat-təbliğat işi görür, sovet qoşunlarının İranda müvəqqəti yeniləşməsinin məqsəd və vəzifələrini izah edirdi ki, bu da əhali ilə döyüşçülər və komandirlər arasında sıx və dostluq münasibətlərinin yaranmasına kömək göstərirdi.

    1942-ci ilin avqustuna yaxın Şimali Qafqazda çox ağır vəziyyət yaranmışdı. Faşist qoşunları Dağıstana lap yaxınlaşmışdılar və alman komandanlığı respublikamızın paytaxtını Xəzər dənizində Baş Hərbi Dəniz bazasına çevirməyi qərara almışdı. O vaxtlar Mahaçqala sərt cəbhəyəm şəraitdə yaşayırdı. Ayrı-ayrı müəssisələr köçürülmüşdü, respublikada qalanlar isə işi dayandırmışdı, fərarilik, quldurluq, xidmətdən yayınma halları meydana gəlmişdi. Düşmənin Dağıstana soxulması təhlükəsi yaranmışdı.

    1942-ci il sentyabrın 16-da SSRİ Dövlət Müdafiə Komitəsi öz iclasında respublikadakı bu vəziyyəti müzakirə edərək Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Linkunun vəzifəsindən götürülməsi haqqında və o vaxtadək Azərbaycan K(b)P MK-nın katibi işləmiş Əziz Əliyevin həmin vəzifəyə təyin olunması haqqında qərar qəbul etdi.

    1942-ci il sentyabrın 23-də MK-nın nümayəndələrinin, SSRİ Dövlət Müdafiə Komitəsi nümayəndələrinin iştirakı ilə keçirilən Vilayət Partiya Komitəsinin 14-cü plenumu Dövlət Müdafiə Komitəsinin qərarını müzakirə edərək, Əziz Əliyevi Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə yekdilliklə təsdiq etdi. O, eyni zamanda Mahaçqala Müdafiə Komitəsinin sədri seçildi.

    Deyildiyi kimi, Əziz Məmmədkərimoğlu Dağıstana gələnə qədər doğma Azərbaycanda, Respublika Xalq Komissarları Sovetində, Tibb İnstitutunun rektoru işləyərkən, Ali Sovetin Rəyasət Heyətində və nəhayət, Azərbaycan K(b)P MK-da çalışaraq dövlət xadimi və ictimai xadim kimi çox zəngin təcrübə toplamışdı.

    Vilayət Partiya Komitəsinin plenumunda təsdiq olunan yeni birinci katib «Cari dövr və Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarı ilə əlaqədar Dağıstan Partiya Təşkilatının vəzifələri haqqında» məruzə ilə çıxış etdi. Məruzədə müharibə şəraitində həm ölkədə ümumi vəziyyət, həm də Qafqazda vəziyyət ətraflı xarakterizə olundu. Dağıstan Respublikasının vəziyyəti cəbhəyanı bölgə vəziyyəti kimi qiymətləndirildi, çünki alman qoşunları Stalinqradın divarları önündə idi və cənuba - Qroznı və Bakı neftinə doğru irəliləməyə can atırdılar.

    Məruzəçi belə bir şəraitdə respublikanın partiya və sovet kadrlarının işini səciyyələndirərək, onlarda məsuliyyət hissi olmadığını, laqeydlik və arxayınlıq faktlarının aşkara çıxarıldığını göstərdi. Faşist kəşfiyyatının agentləri Dağıstana göndərilirdi. Respublikanın bir sıra rayonlarında əhalinin bir qisminin siyasi-mənəvi vəziyyəti əsla qənaətbəxş deyildi.

    Dağıstanın düşdüyü bu cür mürəkkəb cəbhəyanı vəziyyəti respublikanın partiya və sovet təşkilatlarından sənayenin, nəqliyyatın, kənd təsərrüfatının bütün ehtiyatlarını cəbhənin ehtiyaclarını ödəməyə yönəltmək üçün təxirəsalınmaz və təsirli tədbirlər görülməsini tələb edirdi. Kənd təsərrüfatını durğunluqdan çıxarmaq və kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, əməkçiləri müdafiə xətləri çəkilməsinə səfərbərliyə almaq, Dağıstanda yaradılan hərbi hissələri lazım olan hər şeylə təmin etmək, yaralanmış döyüşçülərin qəbulu üçün hospitallar şəbəkəsini genişləndirmək, düşmən tərəfindən tutulmuş ölkə ərazisindən köçürülüb gətirilən adamların qeydinə qalmaq gərək idi.

    Birinci katib bu məqsədyönlü işin olmamasının səbəbini adamlarla işin pis aparılmasında, onlara qayğı göstərilməməsində, onların ümdə tələbatının və sorğularının ödənilməsi sahəsində işin yarıtmaz həyata keçirilməsində görürdü. Əziz Əliyev sözünün sonunda dedi ki, Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarı Dağıstanın partiya və sovet təşkilatları tərəfindən buraxılmış bütün nöqsan və çatışmazlıqlarımıza verilmiş sərt, amma ədalətli qiymətdir və respublikanın partiya təşkilatlarını, sovet orqanlarını bütün işi müharibə dövrünün və cəbhənin tələblərinə uyğun olaraq yenidən qurmağı tələb edir.

    Dövlət Müdafiə Komitəsinin qərarı həyata keçirilərək respublikanın dağ rayonlarına kolxozçular üçün ərzaq və sənaye malları göndərilir və onlar ehtiyacı olanlar arasında bölüşdürülürdü, əhali arasında siyasi tərbiyə işi gücləndirilmişdi.

    Aul və kəndlərdən olanların fərarilik etməsi, quldurluğa qurşanması onlar üçün rüsvayçılıq sayılırdı. Kənd icması, qohumlar, aul və kəndlərin camaatı arasında böyük iş görülmüşdür.

    Bununla belə, kiçik və böyük rəis və müdirlər tərəfindən yol verilən hər cür özbaşınalığa, kobudluq və cəzasızlıq faktlarına qarşı qətiyyətli və amansız iş həyata keçirilirdi. Əhalinin ehtiyac və sorğularına son dərəcə diqqətlə yanaşmaq təklif edilirdi. Respublikanın yeni rəhbəri partiya və sovet orqanlarının bütün işçilərinə xatırladırdı ki, bütün işi müharibə dövrünün tələblərinə uyğun olaraq yenidən qurmaq, istirahət günlərini ləğv etmək, var qüvvə ilə və tam gərginliklə işləmək, vaxt-vədə ilə hesablaşmayaraq sərt hərbi intizam yaratmaq, intizamsızlığın və səhlənkarlığın kökünü kəsmək, özünə və başqalarına qarşı tələbkar olmaq, konkret və dəqiq göstərişlər vermək, bu göstərişlərin icrası üçün pozulmaz müddətlər müəyyənləşdirmək, icranın yoxlanılmasını lazımi səviyyəyə qaldırmaq gərəkdir.

    Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri vəzifələrində Əziz Əliyevin fəaliyyəti elə ilk aylardan çox mühüm qərarlar, məsələn, respublikanın ərazisində partizan dəstələri yaradılması haqqında, xalq müqavimət dəstələrinin təşkil olunması haqqında, qırıcı batalyonların vəziyyəti haqqında, Mahaçqala şəhərinin müdafiəsi sahəsində tədbirlər haqqında, Dağıstanın yerli millətlərinin nümayəndələrindən kadrlar hazırlanması və onların irəli çəkilməsi haqqında qərarlar qəbul edilməsi ilə başlandı. Həmin qərarlar yerinə yetirilərək respublikada 13 partizan dəstəsi, bir neçə qırıcı batalyon, 700-dək xalq müqavimət dəstəsi yaradılmışdı. Onlarda 10 minlərlə adam var idi.

    Respublikanın müdafiə kompleksi müəssisələrini xammal və materiallarla təmin etmək Mahaçqala Müdafiə Komitəsinin sədri kimi, Əziz Əliyevin xüsusi qayğı obyekti idi. Əziz Əliyevin başçılıq etdiyi Vilayət Partiya Komitəsi və Mahaçqala Müdafiə Komitəsi Dağıstan ərazisində müdafiə qurğuları yaradılmasını təmin edirdi. Bu iş çox çətin yolsuzluq və nəqliyyat vasitələrinin çatışmadığı bir şəraitdə həyata keçirilirdi. Müdafiə qurğularının inşasına 150 min nəfərdən artıq dağıstanlı göndərilmişdi. Qısa müddətdə Sulak və Terek çayları boyunca, Mahaçqala və Dərbənd şəhərləri ətrafında, Qayakənd rayonunda müdafiə qurğularının üç zolağı yaradılmışdı.

    Müdafiə qurğularının inşasında əmək hünərlərinə görə təxminən 30 min adam Sovet İttifaqının orden və medalları ilə, o cümlədən 26 min nəfər «Qafqazın müdafiəsinə görə» medalı ilə təltif edilmişdi. «Komsomolets Daqestana» zirehli qatarının inşası Vilayət Partiya Komitəsinin və Mahaçqala Müdafiə Komitəsinin daimi nəzarəti altında idi. Bu qatarın inşası üçün respublikada milyonlarla rubl toplanmışdı. Kaspiysk zavodlarının, Mahaçqala limanının, dəmir yolu gənclərinin qüvvəsi ilə zirehli qatar qısa müddətdə inşa edilib Zaqafqaziya cəbhəsinə verilmişdi.

    Respublika rəhbərliyinin qarşısında duran ən çətin problemlərdən biri kənardan köçürülüb gətirilmiş əhalinin, sənaye müəssisələrinin, təhsil ocaqlarının yerləşdirilməsi, onlara adi maddi şərait və məişət şəraiti yaradılması ilə bağlı idi. 42-ci və 43-cü illərdə Zaqafqaziya və Orta Asiya respublikalarına təxliyyə edilən əhalinin çox böyük hissəsi Mahaçqaladan keçirdi. Ayrı-ayrı dövrlərdə Dağıstan paytaxtında 200 minədək təxliyyə edilmiş insan olurdu ki, bu da şəhərin özünün əhalisinin sayından qat-qat çox idi.

    Əziz Məmmədkərimoğlu mənzil, ərzaq təminatı, tibbi xidmət məsələlərini daim diqqət mərkəzində saxlayırdı. Uşaqlara, qadınlara, qocalara xüsusi qayğı göstərilirdi. Cəbhə zonasından köçürülənləri alt paltarı, ayaqqabı, geyim, trikotaj ilə təmin etmək üçün Xalq Ticarət Komissarlığı, Zaqafqaziya İstehlak Kooperasiyaları İttifaqı vasitəsilə, yardım qaydasınca, xüsusi fond ayrılmışdı.

    Əziz Əliyev hərbi qulluqçuların və cəbhədə olanların ailələrinə daim diqqət göstərirdi. Hərbi qulluqçuların ailələrinin 5 mindən çox üzvü işlə təmin olunmuşdu. 2 minədək ailəyə fərdi bostan yeri verilmiş, 30 min ailəyə maddi kömək göstərilmişdi. Zənnimcə, bununla əlaqədar hərbi qulluqçu Penkolun 1944-cü il martın 14-də Əziz Əliyevə göndərdiyi məktubdan bir parçanı oxumaq yerinə düşərdi:

    «Bu gün mən balaca qızımdan məktub aldım. O, məndən bağlama alması ilə əlaqədar sevincini bildirir, bağlamanı isə, əlbəttə ki, mən göndərməmişəm. Arvadımın yazdığı məktubdan öyrəndim ki, sizin tapşırığınıza əsasən aparatınızın işçisi mənim ailəmdə olmuş və Qızıl Ordunun 26-cı ildönümü münasibətilə hədiyyə təqdim etmişdir. Uşaqlar elə bilirdilər ki, həmin yoldaş mənim yanımdan gəlmişdir və çox sevinmişlər. Yoldaş Əliyev, ailəmə göstərdiyiniz qayğıya görə sizə ürəkdən minnətdarlıq edirəm. Mən bunu heç vaxt unutmayacağam. Mən xoşbəxtəm ki, biz cəbhəçilər unudulmamışıq, ailələrimiz isə diqqət və qayğıdan kənarda qalmamışdır».

    Respublika rəhbərinin ünvanına göndərilmiş belə minnətdarlıq məktubları olduqca çoxdur. Respublikanın kolxozları və kolxoz qarşılıqlı yardım kassaları cəbhəçilərin ailələrinə maddi kömək göstərirdilər. Mahaçqalada, Buynakskda, Dərbənddə və Xasavyurtda cəbhəçilərin uşaqları üçün yeməkxanalar açılmışdı. Cəbhəçi ailələrinə göstərilən köməyə görə 1944-cü ildə Dağıstan ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanından 25 dəfə təşəkkür almışdır. Əziz Əliyev Vətən müharibəsi əlillərinə çox böyük qayğı göstərirdi. Tam olmayan məlumata görə, 1943-cü ilin sonunda respublikada 2 mindən çox üçüncü qrup Vətən müharibəsi əlili var idi və onlar maddi istehsal sahəsində işləyə bilərdilər. Görülmüş tədbirlər nəticəsində əlillərin 90 faizi işə düzəldilmiş, onların dolanması üçün minimum şərait yaradılmışdı.

    Azərbaycan Respublikasında səhiyyənin böyük təşkilatçısı olmuş Əziz Əliyev bu sahədəki zəngin təcrübəsindən istifadə edərək Dağıstanda təxliyyə hospitallarının dəqiq, rəvan işinə böyük diqqət yetirirdi. Onun tövsiyəsinə əsasən, həkimlər və tibb bacıları ilə yanaşı, hospitallarda məsul işçilər də daim növbə çəkir, hospitalların ərzaq məhsulları, dava-dərman və yanacaqla fasiləsiz təchizatını təmin edirdilər. Respublikada on beşdən çox təxliyyə hospitalı işləyirdi. Müharibə illərində hospitallara 130 mindən çox yaralı gətirilmiş, onlardan 100 min nəfərə qədəri və ya 76 faizi sağaldılmışdı.

    Vilayət Partiya Komitəsi, Respublika Xalq Komissarları Soveti, Mahaçqala Müdafiə Komitəsi Qızıl Ordunun və Hərbi Dəniz Donanmasının hissə və birləşmələrinə, o cümlədən 416-cı Taqanroq və 169-cu Vitebsk diviziyalarına, Qara Dəniz Donanmasının hərbi gəmilərinə, Əziz Məmmədkərimoğlunun özünün də hərbi şuraların üzvü olduğu 47-ci və 58-ci ordulara, 747-ci atıcı diviziyasına və Qara Qarayevin komandiri olduğu 1-ci Dağıstan könüllü süvari eskadronuna daim hamilik edirdilər.

    91-ci atıcı diviziyanın və birinci Dağıstan süvari eskadronunun bütün döyüşləri boyu Əziz Əliyev onların əsgəri hünərləri ilə daim maraqlanırdı. Onun təşəbbüsü ilə Dağıstan zəhmətkeşlərinin nümayəndə heyətləri dörd dəfə əsgərlərə qonaq getmişdir. Müharibənin elə ilk günündən respublikada döyüşçülər və komandirlər üçün isti geyim və hədiyyələr toplanıb cəbhəyə göndərilməsi kompaniyası geniş vüsət aldı. Bu məqsədlə respublikada müdafiə fondu yaradıldı. Müharibə illərində Dağıstan cəbhəyə 150 vaqondan çox isti pal-raltar və 140 vaqon hədiyyə göndərdi. Dağıstanlılar «Şamil» tank dəstəsinin, bir neçə aviasiya eskadrilyasının, divizion zirehli qatarlarının və digər hərbi texnikanın yaradılmasına xeyli vəsait vermişlər, istiqraz vərəqələrinin satışından 440 milyon rubl əldə edilmişdi. Təxminən bir milyard rubl məbləğində pul yığılmışdı. Biz hələ cəbhəyə göndərilmiş hədiyyələri, ərzaq məhsullarını demirik.

    Bu vətənpərvərlik təşəbbüslərinə görə, ölkənin Ali Baş Komandanından Dağıstan zəhmətkeşlərinin ünvanına, Vilayət Partiya Komitəsinin birinci katibi Əziz Əliyevin, Xalq Komissarları Sovetinin sədri Daniyalovun və Dağıstan Ali Soveti Rəyasət Heyətinin sədri Səttarovun adına 75 təşəkkür məktubu göndərilmişdi. Düşməndən azad edilmiş rayonlara respublikada yardım fondu yaradılması Dağıstan xalqının göstərdiyi vətənpərvərliyin və beynəlmiləlçiliyin parlaq təzahürü idi. Şimali Qafqaz respublikalarına, diyar və vilayətlərinə, Ukrayna SSR-ə benzin, ağ neft, digər yanacaq - sürtgü materialları sarıdan yardım göstərilirdi.

    Respublikanın əməkçiləri bu diyara yüzlərlə traktor göndərmişdilər. Müharibə illərində başqa yerlərə sürülüb aparılmış qaramal, davar və atlar da qaytarılmışdı. Eyni zamanda traktorçu, mexanik, aqronom kadrları, partiya və sovet işçiləri də qayıdırdılar. Dövlət Müdafiə Komitəsinin 1943-cü il 16 fevral tarixli müvafiq qərarı ilə respublikada Xalq Qara Metallurgiya Komissarlığının Donbasdakı müəssisələrinin avadanlıq ayırması üzrə xüsusi komissiya yaradılmışdı. Komissiyaya Əziz Əliyevin özü başçılıq edirdi. Qroznı neft sənayesini, Stalinqrad traktor zavodunu, qəhrəman Kiyev və Sevastopol şəhərlərinin bərpası üçün də bu cür komissiyalar işləyirdi.

    Təkcə Stalinqrad traktor zavodunun bərpası üçün 1944-cü ildə respublikadan 250 oğlan və qız göndərilmişdi. Qatar yola düşməzdən əvvəl Əziz Əliyev vağzalyanı meydanda çıxış edərək gənclərə xeyir-dua vermişdi. 1944-cü ildə respublikada Sevastopol şəhərinin bərpası fondu yaradıldı, təxminən beş milyon rubl pul və çoxlu ərzaq məhsulu yığıldı. Dağıstanlılar Sevastopola 12 vaqon tikinti materialı və avadanlıq yola saldılar. Tezliklə qəhrəman Sevastopol şəhərinin nümayəndə heyəti Mahaçqalaya gəldi və Əziz Əliyev tərəfindən qəbul edildi.

    Əziz Məmmədkərimoğlu dağlıların xasiyyətinə, adət-ənənələrinə və həyat tərzinə yaxşı bələd idi. Onun təşəbbüsü və təşkilatçılığı ilə 1942-ci ilin oktyabrında Mahaçqalada Dağıstan ağsaqqallarının müşavirəsi keçirildi.

    Əziz Məmmədkərimoğlu elm, xalq təhsili, mədəniyyət, ədəbiyyat və incəsənət işçilərinə böyük qayğı və diqqət göstərirdi. 1944-cü ildə şəxsən Əziz Əliyevin təşəbbüsü ilə Həmzət Sadasanın yaradıcılıq fəaliyyətinin 50 illiyi qeyd edildi. O, Lenin ordeni ilə təltif olundu, əsərləri rus dilində çapdan çıxdı.

    Əziz Əliyev bir çox digər elm, mədəniyyət, incəsənət xadimlərinin də taleyində böyük rol oynamışdır. 1943-cü ildə Kumık Teatrının Buynakskdan Mahaçqalaya köçürülməsi haqqında teatr rəhbərliyinin xahişi yerinə yetirildi. Elə həmin il Dağıstanın ədəbiyyat və incəsənət işçilərinə fəxri adlar verilməsi haqqında qərar qəbul edildi. Tahir Xürüklü «Dağıstanın xalq şairi», Patimat Daniyalova «Əməkdar artist», Qotfrid Həsənov, Əsgər-Sarıca və başqaları «Əməkdar incəsənət xadimi» fəxri adlarına layiq görüldülər.

    Əziz Əliyevin təşəbbüsü ilə 1943-cü ilin dekabrında Dağıstan Dövlət Filarmoniyası yaradıldı və 1944-cü ilin yanvarından fəaliyyətə başladı. 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Dağıstan bazasının yaradılması respublikanın həyatında mühüm hadisə oldu. İndi o, iri elmi ocağa - Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinə çevrilmişdir. Dağıstanda dağlı qadınlardan milli kadrlar hazırlamaq üçün Əziz Əliyevin bilavasitə iştirakı ilə Qadın Müəllimlər institutu və Qadın Pedaqoji Məktəbi, habelə Məktəblər institutu, Uşaq Kitab Nəşriyyatı açılmışdı. Müharibə illərində dağıstanlıların göstərdikləri əmək rəşadətinə görə respublikaya ilk dəfə Dövlət Müdafiə Komitəsinin Keçici Qırmızı Bayrağı verilmişdi.

    Əziz Məmmədkərimoğlunun parlaq təşkilatçılıq və respublikaya rəhbərlik istedadı müharibədən sonrakı ilk illərdə də özünü göstərdi. Əslində üç il ərzində respublikanın müəssisələri hərbi məhsul istehsalından bütünlüklə mülki məhsul istehsalına keçirildi. Neft və qaz hasilatının, konserv, yüngül və yeyinti sənayesi məhsulları istehsalının həcmi xeyli artırıldı. Respublika xalq təsərrüfatının bütöv sahələri, onlarca müəssisə dördüncü beşilliyin birinci ilinin planını vaxtından əvvəl yerinə yetirdi, plandan əlavə məhsul verdi. 1947-ci ildə kənd təsərrüfatında yaxşı məhsul götürüldü. Müəyyən edilmiş plandan əlavə 250 min pud taxıl təhvil verildi, kolxoz və sovxozlarda mal-qaranın sayı artdı.

    İşinin son dərəcə çox olmasına baxmayaraq, Əziz Əliyev insanları yaddan çıxarmır, elmi və yaradıcı ziyalılara çox böyük qayğı göstərir, elmlər namizədi və doktorlarının, o cümlədən, Dağıstan xalqlarının nümayəndələrindən, sayını artırırdı. 1947-ci ildə respublika digər regionlardan 1200 mütəxəssis almışdı. O, hər yerdə və həmişə respublikanın mənafeyini müdafiə edir, düşünülməmiş qərarların əleyhinə çıxırdı. Əziz Əliyev Dağıstanı, onun çoxmillətli, mehriban və qonaqpərvər xalqını çox sevirdi. Eyni zamanda Dağıstan xalqları da Əziz Məmmədkərimoğlunu tez bir zamanda sevdilər və bütün işlərdə öz rəhbərlərini dəstəkləyirdilər. Onun burada həddən çox dostu da var idi. Onlar Əziz Əliyevi bu gün də xüsusi ehtiram və məhəbbətlə xatırlayırlar.

    O, 1946-cı ildə Dağıstan Muxtar Respublikasından SSRİ Ali Sovetinə deputat, 1947-ci ildə isə Dağıstan Ali Sovetinin deputatı seçilmişdi. Moskvaya təhsil almağa göndərilməsi ilə əlaqədar 1948-ci ilin dekabrında respublikadan gedəndən sonra da, Bakıda Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, son illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işlədiyi dövrdə də Dağıstanla əlaqələri kəsmirdi. O, ömrünün sonunadək Dağıstanla və dağıstanlılarla əlaqə saxlayır, onlarla tez-tez görüşür, respublikamızın həyatı ilə bağlı hər şeylə yaxından maraqlanırdı.

    Sovet dövləti onun dövlət, ictimai və elmi fəaliyyətini yüksək qiymətləndirdi. O, iki Lenin ordeni, «Vətən müharibəsi» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni ilə, «Qafqazın müdafiəsinə görə», «Almaniya üzərində qələbəyə görə», «Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə» medalları ilə təltif edildi. Əlbəttə ki, Əziz Məmmədkərimoğlu üçün başlıca mükafat Dağıstan xalqının ona olan məhəbbət və hörməti idi. Heyf ki, o həyatdan tez getdi. 1962-ci ildə 65 yaşında vəfat etdi.

    Əziz Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Dağıstanın paytaxtı Mahaçqala şəhərinin küçələrindən biri onun adını daşıyır. Onun yaşadığı evə xatirə lövhəsi vurulmuşdur. Respublika Dövlət Şurasının qərarı ilə Kaspiysk Tibb Məktəbinə Əziz Əliyevin adı verilmişdir. Əziz Əliyevin 100 illiyi günündə Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu «Əziz Məmmədkərim oğlu Əlieyev: Dağıstanda fəaliyyət illəri (1942-1948)» kitabını buraxmışdır.

    Azərbaycanın və Dağıstanın qarşılıqlı münasibətləri çoxəsrlik ənənələrə malikdir, xalqlarımızın maddi və mənəvi həyatının bütün sahələrini əhatə edir. Əcdadlarımızın nəsilləri gözəl, mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrini bizə miras olaraq qoymuşlar. Tarixi talelərin oxşarlığı, insan varlığının bütün əsas cəhətləri yüzilliklər ərzində minlərlə gözəgörünməz tellərlə azərbaycanlıları və dağıstanlıları birləşdirir. Azərbaycan dedikdə hər bir dağıstanlı öz təsəvvüründə onun zəngin tarix və mədəniyyətini, gözəl ənənələrini, adətlərini, adamların qonaqpərvərliyini və xeyirxahlığını canlandırır.

    Təəssüf ki, keçmiş Sovet ittifaqında məskunlaşan xalqların payına başa çatmaqda olan XX əsrin son on illiklərində çətin sınaqlar düşmüşdür. Bu sınaqlardan Azərbaycan xalqı da keçməli olmuşdur.

    Dağıstanda biz hörmətli Heydər Əlirza oğlu Əliyev kimi görkəmli siyasətçinin respublikaya rəhbərliyə qayıtdıqdan sonra Azərbaycanın daxili və xarici siyasətində baş verən müsbət dəyişiklikləri məmnunluqla və xoş ümidlə izləyirik. Çox qısa bir müddətdə Azərbaycan Respublikası dünyanın bir sıra aparıcı ölkələri ilə əməkdaşlıq yaratmağa müvəffəq olmuşdur.

    Biz yaxşı başa düşürük ki, respublikamızın əməkdaşlığı üçün əlverişli zəmin Azərbaycan Respublikası ilə tərkibində olduğumuz Rusiya Federasiyası arasında dövlətlərarası münasibətlərin vəziyyətindən çox asılıdır. Buna görə də məmnunluq hissilə qeyd etmək olar ki, Azərbaycanın indiki rəhbərliyi Rusiya ilə münasibətlərin möhkəmlənməsinə və inkişafına böyük əhəmiyyət verir, bu münasibətləri özünün xarici siyasətinin mühüm tərkib hissəsi sayır, Azərbaycan Respublikasında yaşayan yerli Dağıstan xalqları nümayəndələrinin problemlərinə və qayğılarına getdikcə daha böyük diqqət yetirir.

    Bu gün respublikamız da quruculuğun məsul və çətin bir mərhələsini keçir. İctimai həyatın, demokratiyanın təşkilinin bütün dünyada hamılıqla qəbul edilmiş prinsiplərinə və bazar münasibətlərinə keçid, sabiq sovet dövlətinin bütün respublikaları və bölgələri kimi, bizim üçün də çətin və çox ziddiyyətli olmuşdur. Lakin keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, son illərdə respublikamız bazar islahatları, demokratik dəyişikliklər, Rusiya Federasiyası çərçivəsində yeni Dağıstan dövlətçiliyinin qurulması yolunda böyük məsafə qət etmişdir.

    İndiki mürəkkəb dövrdə Dağıstan xalqının respublikada sülhü və nisbi sabitliyi qoruyub saxlaya bilməsini biz başlıca nailiyyət hesab edirik. 30-dan çox yerli xalq və etnik qrup yaşlı nəsillərin əsrlərdən gələn müdriklik ənənələrinə sadiq qalaraq hazırda sülh və dostluq şəraitində yaşayır. Birliyin və millətlərarası sülhün qorunub saxlanmasında Dağıstanın təcrübəsi həqiqətən nadirdir. Biz yaxşı başa düşürük ki, milli birlik olarsa, Dağıstanın inkişafı da olacaqdır. Dağıstan xalqı qarşısında başqa bir yol yoxdur. Ona görə də respublikada yaşayan xalqların Konstitusiyada təsbit olunmuş hüquq bərabərliyi və Dağıstanın birliyinin və bütövlüyünün qorunub saxlanmasına çalışmaq bizim milli siyasətimizin əsasını təşkil edir.

    Dağıstan xalqının dostluq ailəsində azərbaycanlılar da layiqli yer tuturlar. Azərbaycan xalqının nümayəndələri iqtisadiyyata, elmə, təhsilə və mədəniyyətə, Dağıstan cəmiyyətinin həyatının bütün sahələrinə böyük töhfələr vermişlər və indi də verirlər.

    Təntənəli yığıncağın iştirakçılarına və əziz qonaqlarımıza böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün respublikamızda Azərbaycan Dövlət Dram Teatrının açılması haqqında Dağıstan Respublikasının Dövlət Şurası və hökuməti qərar qəbul etmiş və bu barədə sənəd imzalanmışdır.

    Talelərimizin və mədəniyyətlərimizin dərin qarşılıqlı əlaqəsi əsrlər boyu yaranan ümumi sərvətimizdir və biz onu gələcək nəsillər üçün qoruyub saxlamağa borcluyuq. Biz Respublika Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov başda olmaqla Dağıstan Respublikası nümayəndə heyətinin 1996-cı il martın 5-də Azərbaycan Respublikasına səfərini dost xalqımızın qarşılıqlı münasibətləri tarixində yeni mühüm dövr kimi qiymətləndiririk. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə keçirilən görüşlər və aparılan söhbətlər, səfər zamanı imzalanmış dostluq və əməkdaşlıq haqqında bəyannamə, ticarət, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş yeni perspektivlər açır, respublikalarımız və xalqlarımız arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı üçün möhkəm bünövrə yaradır. Biz səfərin gedişində bir daha əmin ola bildik ki, respublikamızın mənafeyi ilə bağlı prinsipial məsələlərin əksəriyyəti barəsində mövqelərimiz və fikirlərimiz eynidir. Bütün bunlar qarşılıqlı surətdə faydalı əməkdaşlığın, Azərbaycan və Dağıstan xalqları arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirməyin yeni perspektivlərini açır.

    Respublikalarımız arasında tarixən mövcud olan ikitərəfli təsərrüfat əlaqələrinin və mədəni əlaqələrin inkişaf etdirilməsində ictimai təşəbbüsün böyük əhəmiyyəti var. Biz hesab edirik ki, bu yaxınlarda respublikamızda yaradılmış Dağıstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti perspektivli təşəbbüslərdən biridir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Dağıstan Respublikasının ali dövlət rəhbərliyi təsis qurultayına göndərdikləri təbriklərində cəmiyyətə hər cür uğurlar arzulamış, eyni zamanda nəcib fəaliyyətində ona kömək göstərməyə hazır olduqlarını bildirmişlər.

    Hörmətli təntənəli yığıncaq iştirakçıları, hörmətli qonaqlarımız! Çıxışlarımı bitirərək vurğulamaq istəyirəm ki, yaşadığımız dövrün bütün çətinliklərinə baxmayaraq, biz gələcəyə nikbinliklə baxmalıyıq. Tarix azərbaycanlılara və dağıstanlılara dostluğu qiymətləndirməyi öyrətmişdir. Ötən əsrlərdən bizə mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın gözəl ənənələri irs qalmışdır. Sülhü möhkəmləndirmək, xalqlarımızın sosial-iqtisadi və mədəni tərəqqisi üçün bunları qoruyub saxlamaq və daha da yüksəklərə qaldırmaq bizim ümumi borcumuzdur.

    Diqqətinizə görə təşəkkür edirəm.

    27 aprel 1997-ci il,
    Mahaçqala

     




     

    Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yığıncaqda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin məruzəsi

     

    Dağıstan Respublikası Dövlət Şurasının sədri hörmətli cənab Məhəmmədəli Məhəmmədov!

    Yubiley yığıncağının hörmətli iştirakçıları!

    Xanımlar və cənablar!

    İcazə verin, yubiley şənliklərinin iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin adından salamlayım və onun xoşbəxtlik, firavanlıq və tərəqqi arzularını sizin hamınıza yetirim. Xalqın tarixində elə şəxsiyyətlər var ki, bu şəxsiyyətləri cəsarətlə onun bugünkü, hətta sabahkı gerçəkliyini qurub-yaradan memarlar adlandırmaq olar. Azərbaycan xalqının görkəmli oğlu Əziz Əliyev, şübhəsiz, belə memarlardan biri olmuşdur. XX əsrdə dostluq və qardaşlığımızın ənənələrini inkişaf etdirib artırmış olan bu dövlət xadiminin amalları bizim hamımız üçün xüsusi əhəmiyyət kəsb edir.

    Azərbaycan ilə Dağıstan arasında dostluq, qardaşlıq əlaqələrinin əsrlərin dərinliklərinə gedib çıxan qədim tarixi var. Biz bu dostluğu əzab-əziyyətlərlə qazanmışıq. Bu dostluq belə bir halın əyani nəticəsidir ki, əsrlər boyu biz həmişə birlikdə olmuşuq, dərd-kədərimizə və müsibətlərimizə də, səadət və sevincimizə də şərik olmuşuq. Ümumi düşmənlərə qarşı çiyin-çiyinə mübarizə aparmışıq və bayramlarımızı elliklə qeyd etmişik.

    Azərbaycanı Rusiyadan, Dağıstandan ayıran sərhəd ürəklərimizdə şərti səciyyə daşıyır, çünki o, ölkələrin ancaq ərazisinin sərhədlərini göstərir. Amma xalqlarımız arasında sərhəd yoxdur, adamlarımız arasında sərhəd yoxdur, könüldən-könülə uzanan yollar arasında sərhəd yoxdur. Şeir-sənət, mahnı-nəğmə, rəqs və sevinc yolları üstündə qoyula biləcək sərhəd yoxdur. Məhz buna görə biz ağır sınaq illərində də, nurlu-işıqlı qələbə günlərində də birlikdə, bir yerdə olmuşuq. Əziz Əliyevin bütün həyatı buna əyani və inandırıcı sübutdur. Əziz Əliyevin yubileyinin Mahaçqalada keçirilməsi, əslinə qalsa, xalqlarımızın dostluq bayramıdır, qardaşlığımızın bayramıdır.

    Əzəldən Azərbaycanda hamı Dağıstanı tarixi dostumuz sayır. Ənənələrimiz, dini, milli və mənəvi dəyərlərimiz sözlərimə sübutdur.

    Bizim aramızda heç vaxt heç bir münaqişə olmayıbdır və bundan sonra da ola bilməz. Azərbaycanın qapıları bütün dağıstanlıların üzünə, eləcə də Dağıstanın qapıları bütün Azərbaycan vətəndaşlarının üzünə həmişə açıq olubdur. Biz müntəzəm olaraq bir-birimizə müxtəlif səviyyələrdə nümayəndə heyətləri göndərir, mədəni, iqtisadi və elmi əlaqələri inkişaf etdiririk. Bizim aramızda imzalanmış sazişlər səmərəli əməkdaşlıq üçün möhkəm müqavilə - hüquqi əsas yaradır.

    Bu gün bütün Qafqazda sülhün, əmin-amanlığin, dostluğun və xalqlar arasında səmimi, mehriban münasibətlərin hökm sürməsi çox vacibdir. Biz Ümumittifaq evimizdən ancaq bu halda danışa bilərik. XXI əsrin astanasında biz tariximizin səhifələrinə bir daha və dönə-dönə müraciət edir və anlayırıq ki, üçüncü minilliyə yol əməkdaşlıqdan və qarşılıqlı anlaşmadan keçir.

    Azərbaycan özünün böyük övladları ilə haqlı olaraq fəxr edən bir məmləkətdir. Dünya mədəniyyətinin xəzinəsinə Azərbaycan xalqının verdiyi töhfələr bütün dünyada məşhurdur. Bəhmənyarın, Nəsirəddin Tusinin, Nizaminin, Əcəmi Naxçıvaninin, Xaqaninin, Nəsiminin, Füzulinin adları hər bir sivilizasiyalı insana məlumdur. Öz həyatlarını vətənpərvərliyin və vətəndaşlığın bərqərar olmasına, həyati əhəmiyyətli yüksək dəyərlər kimi xalqlar arasında dostluq və qardaşlıq amallarına həsr etmiş Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai kimi Azərbaycanın görkəmli dövlət xadimlərinin hünər və fəaliyyətləri çox böyük milli sərvətdir və dövlətçiliyin inkişaf etdirilib möhkəmləndirilməsi işində qiymətli tarixi təcrübədir.

    Xalqlarımızın indiyədək yaşamış olduqları bütün dövrlər arasında XX əsr bizim üçün, şübhəsiz, ən faciəli və ən taleyüklü əsr olmuşdur. Bu əsrdə biz soyqırımına da, tarixi torpaqlarımızdan zorakılıqla sürülməyə də məruz qalmışıq və torpağın hər qarışının, tarixin hər bir faktının qədir-qiymətini hamıdan daha yaxşı bilirik.

    Bu əsrdə Azərbaycan öz müstəqilliyini bərpa etdi və 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk respublika yaratdı. Ümumbəşəri dəyərlər məcrasında inkişaf ideyaları, müstəqillik ideallarına və müqəddəs saydığımız milli dəyərlərə hədsiz sədaqət və hörmət Azərbaycan Demokratik Respublikasının fəaliyyətinin əsas prinsiplərinə çevrilmişdi. ADR-in varisləri kimi biz indi də demokratiya yolu ilə getməkdə davam edirik.

    Azərbaycanın inkişafının sovet dövrü də mürəkkəb və çətin olmuşdur. O illərdə xalq bir çox maddi dəyərlər yaratmış, qurub-yaratmış, öz mədəniyyətini və elmini inkişaf etdirmişdir. Faciəli səhifələr də az olmamışdır, xalqın ən yaxşı övladları repressiyalara məruz qalmış, edam olunmuş, gözümçıxdıya salınmışdır. Həmin dövrdə yeni zəmanənin dövlət və siyasi xadimlərinin yetişib formalaşması prosesi də gedirdi.

    Bir şəxsiyyət kimi Əziz Məmmədkərim oğlu Əliyev həmin dövrün xadimləri arasında xüsusi yer tutur. O, həmin dövrün rəhbər işçiləri arasında özünün ən əvvəl zəngin savadı və biliyi, yüksək səviyyədə ziyalılığı ilə seçilib fərqlənirdi. Bu savad və bilik onun heç də elmlər doktoru, professor olmasından ibarət deyildi. O dövrdə çox az adam tapılırdı ki, mərkəzin göstərişlərini - xalqın maraq-mənafeyinə yad olan göstərişlərini öz fəaliyyətində totalitar ideologiyaya deyil, varlığın ali dəyəri kimi insanın inkişafına və özünütəsdiqinə xidmət edən işlərə çevirə bilsin. Əziz Əliyev məhz belə bir qeyri-adi şəxsiyyət idi. Əziz Əliyev harada işləyirdisə-işləsin, o, ən əvvəl, humanizm, maarif-mədəniyyət və inkişaf ideallarına sədaqətin çox parlaq nümunəsi idi.

    O, Azərbaycan səhiyyəsinə çoxlu qüvvə və enerji sərf edərək, əhalinin sağlamlığı mühafizəsinin yeni sisteminin əslində təməlini qoymuşdu. O, sadəcə olaraq xalq səhiyyə komissarı deyildi, həm də içdiyi Hippokrat andına fədakarcasına sadiq qalan bir insan kimi əvvəllər heç vaxt mövcud olmamış tibbi xidmətləri hər gün, hər gecə əzmlə yaradır, respublikanın ən ucqar guşələrinə ekspedisiyalara gedirdi. Onun xidməti vəzifələrinin harada qurtardığının və bir həkim və bir vətəndaş borcu kimi özünün şəxsən qəbul etdiyi vəzifələrin harada başlandığı sərhədi bəlkə də heç kəs göstərə bilməzdi. Əziz Əliyevin Tibb İnstitutuna başçılıq etdiyi, Azərbaycan Universitetinin rektoru olduğu dövr respublikada ali təhsilin intensiv inkişaf tapdığı bir dövrdür. O, qeyri-adi təşkilatçı olmaqla yanaşı, həm də əlişəfalı, gözəl həkim, tayı-bərabəri olmayan mühazirəçi idi. Onun həmin dövrdə yazdığı dərsliklər örnək idi və öz qarşısına qoyduğu məqsədə - ali məktəbi ana dilində orijinal dərsliklərlə təmin etmək məqsədinə çatmaq nümunəsi idi.

    Onu Azərbaycanda haqlı olaraq hamı cəmiyyətin təbibi, şəfavericisi adlandırırdı. Həqiqətən də, o, insanın bu amalını yüksək tutur, insanın bu vəzifəsini şərəflə və ləyaqətlə yerinə yetirirdi. Elə bir insanın ki, cəmiyyətin istər fiziki, istərsə də mənəvi sağlamlığı onun üçün ali məqsəddir.

    Əziz Əliyevin ömürnaməsinin səhifələri sizə, şübhəsiz, yaxşı məlumdur. Onun həyata keçirdiyi bütün işlərin hamısını burada sadalamağa ehtiyac yoxdur, amma məhz bu salonda ayrıca vurğulamaq istərdim ki, biz, hamımız sovet gerçəkliyinin çox məşəqqətli və keşməkeşli şəraitində onun gördüyü işlərin tarixi əhəmiyyətini hələ dərk etməliyik. Onun Cənubi Azərbaycanda, Azərbaycanın Ali Sovetində, yüksək səviyyəli müxtəlif dövlət vəzifələrində işlədiyi dövrdə həyata keçirdiyi bütün işləri bu günün mövqeyindən nəzərdən keçirib qiymətləndirmək lazımdır. Konkret surətdə nə kimi işlər görülməsindən asılı olmayaraq, bu xüsusiyyət - onun perspektivi, sabahkı günü görmək kimi həsədaparıcı və misilsiz bacarığı daim dəyişməz qalırdı. Onun ən səciyyəvi xüsusiyyəti də gələcək naminə qurub-yaratmaq eşqi idi.

    1942-ci il sentyabrın 16-da SSRİ Dövlət Müdafiə Komitəsi Əziz Əliyevi Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri təsdiq edir. Bu, Qafqazın müdafiəsinin ən ağır dövrlərindən biri idi.

    Ata-babaların vəsiyyətlərinə ağır sınaq günlərində müqəddəscəsinə əməl edən xalqlarımız sıx birləşərək, düşmənə qarşı əlbir vuruşurdular. Əziz Əliyevin Dağıstanda fəaliyyəti də xalqlarımızın bu qardaşlığının təcəssümü olmuşdur. Faşist qoşunları Bakı neftinə can atırdılar. Dağıstan cəbhəyanı zolağa çevrilmişdi. Təxirəsalınmaz hərbi vəzifələrlə, Dağıstanda yaradılmış hərbi hissələrin lazımi hər şeylə təmin edilməsi ilə yanaşı, hospitallar şəbəkəsini genişləndirmək, təxliyyə olunmuşların ehtiyaclarını ödəmək, müdafiə sədləri çəkmək, hərbi ləvazimat və kənd təsərrüfatı məhsulları istehsalını artırmaq lazım idi.

    Əziz Əliyevin olduqca böyük təşkilatçılıq istedadı özünü bunda göstərmişdir ki, o, Dağıstan xalqını faşizmə qarşı mübarizəyə qısa bir müddətdə səfərbərliyə almağa müvəffəq olmuşdur. Hətta çoxlarının əl-qolu yanına düşdüyü çağlarda Əziz Əliyev öz bitib-tükənməz nikbinliyi ilə, özünəxas əzmkarlığı tamamilə yeni, qeyri-adi bir qərar təklif edə və hadisələrin sanki dönməz olan gedişində dönüş yarada bilirdi. Çox böyük dövlət işi təcrübəsi, siyasi duyum və həssaslıq, müdriklik və başlıcası isə, Dağıstan xalqına hədsiz məhəbbət və hörmət ona müəyyənləşdirilmiş məqsədə çatmağa kömək edirdi.

    Əziz Əliyev cəbhəni insan ehtiyatları və maddi ehtiyatlar ilə təmin etmək kimi son dərəcə mürəkkəb məsələlərlə hər gün məşğul olurdu. Bununla belə, o, həmin illərdə öz məqsədinə çatmaq üçün insanlara bir vasitə kimi baxmaq fikrindən uzaq idi. O, başabəla rəhbər işçilərin cəsur və qorxmaz insanlar barəsində yaydıqları iftira-uydurmalara məğrur Dağıstan xalqı ilə birlikdə hiddətlənirdi. Onun təşəbbüsü ilə xüsusi süvari eskadronu yaradılmışdır. Bu eskadron həmin gərgin günlərdə Dağıstanı şərəflə təmsil etmiş və çox böyük psixoloji rol oynamışdır.

    Lakin o mürəkkəb dövrdə Əziz Əliyevin qəbul etdiyi qərarlarla tanış olduqda inana bilmirsən ki, bu qərarlar əslində cəbhə xəttində qəbul edilirdi. 1943-cü il yanvarın 8-də o, Dağıstanın yerli millətlərin nümayəndələrindən olan kadrların hazırlanması və irəli çəkilməsi haqqında qərarı, 1943-cü il fevralın 6-da respublikada incəsənətin inkişafı sahəsində tədbirlər haqqında qərarı, 1943-cü il iyunun 15-də Dağıstan Kənd Təsərrüfatı institutunun bərpası haqqında qərarı Vilayət Partiya Komitəsinin bürosuna çıxarır. 1944-cü ildə Elmi Tədqiqat İnstitutu, Qadın Müəllimlər İnstitutu və Qadın Pedaqoji Məktəbi açılır. Bundan sonra respublikada səhiyyənin vəziyyəti haqqında və Elmlər Akademiyası filialının açılması haqqında qərarlar qəbul edilir.

    Biz burada bir daha görürük ki, müharibə dövrünün vəzifələrini təxirə salmadan, dəqiq və operativ yerinə yetirmək bacarığı ilə yanaşı, Əziz Əliyev Dağıstanın gələcəyi barədə də düşünürdü. Bu diyarın taleyini o, doğma Azərbaycanın taleyindən heç vaxt ayırmırdı. O, əvvəllər Azərbaycanda görmüş olduğu işlərin əslində hamısını qısa bir dövrdə Dağıstanda təkrar edə bilmişdir. Bu gün onu sabah Dağıstanda nə kimi kadrlar olacağı düşündürürdü. Bugünkü gün nə qədər çətin olsa da, o, sabahkı gün haqqında, gələcək nəsillər haqqında fikirləşirdi.

    Əziz Əliyevi Azərbaycanda da, Dağıstanda da görkəmli mədəniyyət və incəsənət xadimləri ilə şəxsi dostluq telləri bağlayırdı. Bu insanın məlahəti, çox yüksək intellektual səviyyəsi, heyrətamiz zəngin məlumata malik olması ona gənclərin tərbiyəsi ilə bağlı bir çox vəzifələri asanlıqla həyata keçirməyə imkan verirdi. 1944-cü ildə Üzeyir Hacıbəyovun ölməz «Arşın mal alan» komediyasının göstərilməsi faktı analoqu olmayan faktdır. Müharibə şəraitində Dağıstan aktyorları Azərbaycan bəstəkarının musiqisini səsləndirərək adamlara sevinc-fərəh, deməli, həm də ümid hissləri bəxş edirlər. Bu, səciyyəvi bir haldır. Əziz Əliyevin fəaliyyətində xırda-para işlər olmurdu. Hər bir işin arxasında onun üçün konkret insan dururdu.

    Onun işlərinin başdan aşmasına belə bir fakt sübutdur ki, Əziz Əliyevin Dağıstanda işlədiyi dövrdə - 1942-ci ilin sentyabrından 1948-ci ilin dekabrınadək olan dövrdə Vilayət Partiya Komitəsinin 24 plenumu və büronun 388 iclası keçirilmişdir. Sonralar Əziz Əliyev qeyd edirdi ki, müharibəyə qədər Dağıstanda 8 elmlər doktoru vardısa, müharibədən sonra onların sayı artıb 16 nəfər olmuş, elmlər namizədlərinin sayı isə 62 nəfərə çatmışdır. Onun işlədiyi illərdə respublikanın ali məktəbləri 1600-dən artıq ali təhsilli mütəxəssis hazırlamışdır. Paytaxtın ali məktəblərində oxumağa, aspiranturaya və doktoranturaya Dağıstandan 100 nəfərdən çox adam göndərmişdi.

    Dağıstanda təhsilin, mədəniyyət və ədəbiyyatın inkişafı üçün Əziz Əliyevin gördüyü işlərdən xalq şairi Rəsul Həmzətov öz xatirələrində çox gözəl danışdı. O, Əziz Əliyevin belə bir təklifi barədə yazır: «Rəsul, gəlsənə səni Moskvaya, Qorki adına Ədəbiyyat institutunda oxumağa göndərək? Sən təhsilini hökmən davam etdirməlisən». Bu da tarixdə bir izdir. Elə bir iz ki, o, şeirlərdə, teatr tamaşalarında, insanların şüur və yaddaşlarında əbədiləşmişdir. Bu, olduqca nəcib və xeyirxah bir insan haqqında - Azərbaycan mədəniyyətinin bir çox görkəmli xadimlərini Dağıstana dəvət etmiş, alimlə də, şairlə də, adi bir dağlı ilə də ümumi dil tapmağı bacarmış Əziz Əliyev haqqında xoş bir izdir. Neçə-neçə insanın konkret taleyində Əziz Əliyevin necə böyük rol oynadığı hamıya məlumdur. Bunların hamısı bizim ümumi tariximizdir.

    Əziz Əliyev Dağıstanla ürək ağrısı ilə vidalaşıb ayrıldı. 1948-ci ildə onu Moskvaya, Vilayət Partiya komitələri katiblərinin kurslarında oxumağa göndərdilər və o, həmin kursları bitirdikdən sonra ÜİK (b) P MK-da işlədi, sonra isə Azərbaycana qayıtdı. Lakin o vaxtlar da onun Dağıstanla əlaqəsi kəsilməmişdi. Bu diyarda baş verən bütün hadisələr üçün o, ömrünün son günlərinədək özündə məsuliyyət hiss etmişdir.

    Biz son illər tarixə müraciət edərək tarixi şəxsiyyətlərə səhih qiymət verilməsinin bu gün nə dərəcədə gərəkli olduğunu bir daha və dönə-dönə görürük. Düşmən Dağıstana soxulmağa can atdıqda Əziz Əliyevin iradəsi və təşkilatçılıq istedadı Dağıstanı da, Azərbaycanı da faşist qoşunlarından qorumuşdur. Bu prosesdə onun rolunu şişirtmədən və azaltmadan demək istərdim ki, biz Əziz Əliyevin fəaliyyəti nəticəsində əldə olunanların hamısını göz bəbəyi kimi qorumalıyıq. Bu, ahəngdar həmrəylik və əməkdaşlıqdır.

    Əziz Əliyevə Azərbaycanın müstəqilliyini görmək qismət olmadı. Lakin onun bütün həyat və fəaliyyəti bu müstəqillik üçün möhkəm təməl yaratmışdır, bu gün müstəqil Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Xalqımız plüralizm, mətbuat, söz, vicdan azadlığı, özünün tarixi, milli və mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək azadlığı şəraitində yaşayır.

    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunmuşdur, iqtisadiyyatımızın dünya iqtisadi sistemi ilə inteqrasiyası prosesi intensiv inkişaf edir. Neft müqavilələrinin bağlanması, ilkin Azərbaycan neftinin Qərb bazarlarına nəql edilməsi iqtisadiyyatda böyük dəyişikliklər üçün zəmin yaratmışdır. Ölkədə özəlləşdirmə gedir, torpaq şəxsi mülkiyyətə verilir, əhalinin sosial vəziyyəti yaxşılaşır. Azərbaycan müstəqil bir dövlət kimi bütün dünyada məşhurdur və tanınmışdır, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, bir çox dövlətlərarası strukturlarda geniş təmsil olunmuşdur.

    Bu gün biz hamımız Qafqazda dinclik, dostluq, qardaşlıq olmasını arzulayırıq. 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze birlikdə bəyanat imzalamış və Ümumqafqaz evinin yaranmasına yönəldilmiş təşəbbüs irəli sürmüşlər. Bundan ötrü, hər şeydən əvvəl, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək, qaçqınları öz daimi yaşayış yerlərinə qaytarmaq lazımdır. Qafqazda bütün münaqişəli vəziyyətləri aradan qaldırmaq, Ümumqafqaz evimizdə ictimai-siyasi vəziyyətin sabitləşməsinə nail olmaq gərəkdir.

    Biz hamımız 1997-ci il 4 noyabr gününün, Bakıda əzəmətli Opera və Balet Teatrında Şeyx Şamilin yubileyinin bayram edildiyi gözəl günün hələ də təsiri altındayıq, bu gün isə Dağıstanda Əziz Əliyevin 100 illiyini qeyd edirik. Bunun böyük rəmzi mənası var. Şamilin qəhrəmanlığı, həyat və mübarizəsi bizim üçün nümunədir, öyrənmək üçün örnəkdir. XX əsrin görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyəti, dövlət quruculuğu, xalqlarımız arasında əməkdaşlıq və qarşılıqlı əlaqələr yaradılması sahəsində bu şəxsiyyətin gördüyü işlər də görüb-götürmək və inkişaf üçün örnəkdir. Biz məhz bu irsə layiq olmalıyıq. Məhz bu irs bizi bu böyük insanların vəsiyyət və məsləhətlərini həyata keçirməyə, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmlətməyə çalışmağa çağırır.

    Yaşasın Dağıstan! Yaşasın Azərbaycan! Yaşasın sarsılmaz Azərbaycan-Dağıstan dostluğu!

    27 aprel 1997-ci il,
    Mahaçqala

     




     

    Azərbaycanın görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin nitqi

     

    Hörmətli xanımlar və cənablar!

    Hörmətli qonaqlar, dostlar!

    Bugünkü təntənəli yubiley gecəsi Azərbaycan və Dağıstan xalqlarının görkəmli oğlu Əziz Əliyevin nurlu şəxsiyyətinə, onun 100 illik yubileyinə həsr olunmuşdur. Eyni zamanda, bugünkü mərasim Dağıstan və Azərbaycan xalqlarının dostluq və qardaşlıq bayramıdır.

    Biz son illər bu möhtəşəm sarayda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərini təntənə ilə qeyd etmişik. Bu, çox gözəl ənənədir, bugünkü nəsillərin öz tarixi keçmişinə, görkəmli şəxsiyyətlərinə hörmət və ehtiramını, təşəkkür və minnətdarlığını ifadə edir. Ancaq bugünkü təntənəli yuiley gecəsinin fərqi vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100 illik yubileyini qeyd edirik, eyni zamanda Dağıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, qardaşlıq tarixinə yeni gözəl, parlaq səhifələr yazılır.

    Aprelin 27-də Dağıstanda, Mahaçqalada Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti də orada iştirak etmişdir. Bu gün biz Dağıstanın yüksək səviyyəli, çox mötəbər nümayəndə heyətini Azərbaycanda qəbul edirik, Əziz Əliyevin yubileyini birlikdə qeyd edirik, eyni zamanda, Azərbaycan və Dağıstan xalqlarının dostluq, qardaşlıq bayramını keçiririk.

    Mən bütün Azərbaycan xalqı adından Dağıstan xalqına hörmət və ehtiramımızı bildirərək, Dağıstan Respublikasının Baş naziri Xizri Şıxsəidovun rəhbərliyi ilə bu gün Azərbaycana gəlmiş Dağıstan nümayəndə heyətini səmimi qəlbdən salamlayıram, onlara “Xoş gəlmisiniz!” deyirəm, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun sarsılmaz olduğunu bir daha bəyan edirəm.

    Dağıstan xalqına və Dağıstan nümayəndə heyətinə dərin hörmət bəsləyərək və deyəcəyim sözləri onların da dinləməsini arzu edərək, nitqimin qalan hissəsini hamımız üçün aydın olan rus dilində davam edəcəyəm.

    Hörmətli qonaqlar, bizim dostlarımız!

    Ümidvaram ki, siz mənim Azərbaycan dilində dediklərimi olduğu kimi başa düşdünüz. Mənim dediklərimi olduğu kimi başa düşməyiniz üçün rus dilində danışacağam, yəqin ki, həmvətənlərim məni düz başa düşəcəklər. Azərbaycanda rus dilini, demək olar, hamı bilir, ona görə də hesab edirəm ki, məni başa düşəcəklər.

    Bugünkü təntənə, Əziz Əliyevin 100 illiyinə həsr olunmuş, Dağıstanda və Azərbaycanda keçirilmiş yubiley tədbirləri xalqlarımız, ölkələrimiz, dövlətlərimiz arasında, insanlar arasında olan səmimi, dostluq münasibətlərini bir daha nümayiş etdirir. Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilmişdir.

    Burada Əziz Əliyevin həyat yolu haqqında çox sözlər deyildi. Mən daha çox, daha yaxşı, daha dolğun danışa bilərəm, çünki onu şəxsən tanıyırdım, bir çox illər onunla birlikdə olmuşam. Özü də mənim bildiklərimin bir çoxunu bəlkə də heç kim bilmir. Ancaq bununla belə vaxtınızı almayacağam. Hesab edirəm ki, deyilənlər tamamilə kifayətdir. Mən yalnız bəzi məqamlar üzərində dayanacağam.

    Mən əminəm ki, Əziz Əliyev, - bu aylar ərzində dəfələrlə deyildiyi kimi, - Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan hərbi tibb akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi, istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü.

    Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada - tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır.

    Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur.

    İkinci dünya müharibəsi bəşər tarixində ən ağır müharibədir. Böyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşı müharibə idi. Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər.

    Bəli, faşist qoşunları Sovet İttifaqına hücuma keçdikdən sonra qısa bir vaxtda çox irəliləmiş və Qafqaz dağlarının ətəklərinə, Dağıstanın həndəvərinə çatmışdılar. Dağıstan istisna olmaqla, bütün Şimali Qafqaz faşist qoşunları tərəfindən işğal edilmişdi. Onlar Bakıya can atır, Bakı neftini ələ keçirmək istəyirdilər. Bu, baş tutsaydı müharibənin nəticəsi bəlkə də başqa cür olardı. Sovet ordusu, Vətəninin müdafiəsinə qalxan insanlar kütləvi qəhrəmanlıq göstərdilər. Bir neçə gün əvvəl, mayın 9-da biz alman faşizmi üzərində qələ­bənin 53-cü ildönümünü qeyd etdik. Biz cəbhədə vuruşmuş, arxada qələbəni təmin etmiş, faşizmin qarşısını kəsə bilmiş insanlara indiki nəslin bəslədiyi hissləri bir daha və dönə-dönə ifadə etdik. Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi.

    O, ön xətdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. 1941-ci ilin yayında, Sovet İttifaqına faşistlərin hücumu başlandıqdan az sonra sovet qoşunları İrana daxil oldular, Əziz Əliyev Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etdi və İranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi.

    Bəli, vaxt gələcək və onun həmin dövrdəki fəaliyyətinin təfərrüatı da aşkara çıxarılacaqdır. Lakin, məsələn, mənə məlumdur ki, o, görkəmli Azərbaycan yazıçıları Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağılla iş aparırdı. Ancaq faşist qoşunları Dağıstan sərhədlərinə yaxınlaşan kimi, - orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı, - Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana göndərildi. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük iş idi və o, həmin işi gördü. Bu işi o özünün qeyri-adi insani keyfiyyətləri, istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi.

    Açığını deyək ki, o vaxtlar Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında ali təhsili olan, ziyalılığı, zəngin elmi biliyi ilə fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi. Bütün bu keyfiyyətlər qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirməkdə, bu respublikanın xalqını Qafqazın müdafiəsi üçün birləşdirməkdə ona kömək etdi. Dağıstanlılar Əziz Əliyev başda olmaqla və bizim ordumuzla, o vaxtkı sovet ordusu ilə birlikdə çox böyük vəzifəni yerinə yetirdilər. Onlar Qafqazı müdafiə etdilər, faşist qoşunlarını irəliləməyə qoymadılar, Bakı neftini xilas etdilər.

    Təbii ki, bütün bunlar ali komandanlığın, qoşunların, Qafqazın müdafiəsinə səfərbər edilmiş bütün şəxslərin çox böyük, qəhrəmancasına fəaliyyətinin nəticəsi idi. Lakin Əziz Əliyev başda olmaqla dağıstanlıların töhfəsi də çox böyük və sanballı olmuşdur.

    Sonra Əziz Əliyev Moskvada işlədi. Daha sonra, 50-ci ildə onu yenidən Azərbaycana qaytardılar, burada Nazirlər Soveti sədrinin müavini işlədi, bir il sonra isə bütün vəzifələrdən çıxardılar, partiya cəzası verdilər, beləliklə də, əslində ona qarşı cinayət etdilər. Mən bunu xatırlayıram.

    İndi deyə bilərik ki, onun çox çətin, ancaq eyni zamanda xoşbəxt taleyi olubdur. O, öz həyat yolunda bir çox çətinliklərlə, maneələrlə rastlaşmış, ancaq onları aradan qaldırmışdır. Ədalətsizliklə də qarşılaşmış, amma ruhdan düşməmişdir.

    Əziz Əliyev İrəvanda anadan olmuş və artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırıma, deportasiyaya məruz qalmışdır. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı çox gənc yaşında özü görmüş və doğma diyarını tərk edərək Naxçıvana, oradan da Bakıya köçməyə məcbur olmuşdur. O çalışır, çox iş görürdü, əvəzində 40-cı ildə ona töhmət elan edirlər ki, guya tibb institutunu antisovet ünsürlərdən, millətçilərdən və sairədən təmizləməmişdir.

    O, müharibə vaxtı İranda, Dağıstanda nə qədər böyük iş görmüş, Moskvada müvəffəqiyyətlə işləmiş, sonra vətənə qayıtmışdı. Bir il sonra isə onu işdən çıxarmışdılar ki, guya valideynlərinin sosial mənşəyini, bacısının İranda olmasını gizlətmişdir. Bu paradoks indi artıq bizə məlumdur.

    Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin bilavasitə Mir Cəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi.

    Əziz Əliyevin heç bir günahı yox idi. Hamı yaxşı bilirdi ki, əri kimi özü də İran təəbəsi olan böyük bacısı 1938-ci ildə, İran təəbəli azərbaycanlılar buradan çıxarılan vaxt İrana köçməyə məcbur olmuşdu. Bu məlum idi və heç kim bunu gizlətmirdi. Onun isə boynuna qoyurdular ki, bu faktı gizlətmişdir.

    Onun ailəsinin sosial mənşəyi də məlum idi. 1926-cı ildə o, Kommunist Partiyasına daxil olmuş, yüksək vəzifələrdə işləmiş, SSRİ, Azərbaycan, Dağıstan ali sovetlərinin deputatı seçilmişdi və sairə. O, müharibə zamanı necə hünər göstərmişdir. 1951-ci ildə isə birdən-birə deyirlər ki, guya o, özünün sosial mənşəyini gizlətmişdir. Onu repressiyaya məruz qoymaq üçün sadəcə olaraq nəyəsə öcəşmək lazım idi.

    Deməliyəm ki, mən özüm də bu repressiyadan əziyyət çəkmişəm. O vaxt mənim Əziz Əliyev ilə qohumluq münasibətlərim yox idi və bu gün geniş ictimaiyyətə bəlkə də ilk dəfə deyəcəyəm ki, mərhum həyat yoldaşım Zərifə xanımla 1948-ci ildə tanış olmuşdum. Az sonra mən Leninqrada oxumağa getdim. 50-ci ildə oradan Bakıya qayıdandan sonra, şübhəsiz ki, öz ailə həyatımı qurmaq, evlənmək fikrində idim. Ancaq mənim mənzil-məişət şəraitim buna imkan vermirdi - anam və qardaşlarımla İçərişəhərdə zirzəmidə kirayədə yaşayırdım. Şərait yox idi və mən mənzil almağımı gözləyirdim.

    1952-ci ildə mən ikiotaqlı mənzil aldım. Lakin o vaxt mənə Əziz Əliyevin ailəsi ilə ünsiyyətdə olmaq qadağan edilmişdi. Xatirimdədir, 1951-ci ildə Əziz Əliyev işdən çıxarıldıqda Zərifə xanımla biz görüşdük və o mənə dedi: “Deyəsən, biz bir daha görüşə bilməyəcəyik, çünki atamı işdən çıxarıblar və ona qarşı siyasi ittiham irəli sürüblər. Sən isə dövlət təhlükəsizliyi orqanlarında işləyirsən və bu, sənə zərər gətirə bilər. Odur ki, deyəsən, bizə birlikdə olmaq qismət deyilmiş”. Mən, əlbəttə, etirazımı bildirdim və münasibətlərimiz davam etdi.

    Bundan az sonra, - həmin vaxtlar Əziz Əliyev ailəsini isə izləyir və onu həbsə almaq üçün fəal məşğul olurdular, - o vaxtkı dövlət təhlükəsizliyi naziri general Yemelyanov məni yanına çağırıb bu sözləri dedi: “Sən cavan və bacarıqlı işçisən, Leninqradda çox yüksək təhsil alıbsan, təhsili uğurla başa çatdırıbsan, sənin gələcəyin var. Ancaq sən Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməlisən, yoxsa, biz səni işdən çıxarmalı olacağıq”. Orqanlarda işlədiyimə və məsələnin nə yerdə olduğunu bildiyimə görə, ondan belə ittihamlar üçün nə kimi əsaslar olduğunu soruşdum. O, məni danlayıb dedi: “Sən hələ cavansan və başa düşmürsən. Yoldaş Mircəfər Bağırov göstəriş verib və biz onu yerinə yetirməliyik”.

    Aradan bir il keçdi. Mənim əlaqələrim qeyri-leqal xarakter aldı, əks halda başqa cür mümkün deyildi. Bir ildən sonra, 1953-cü ilin əvvəllərində general Yemelyanov yenidən məni yanına çağırdı və qəti şəkildə xəbərdarlıq etdi: “Əgər sən öz əlaqələrini kəsməsən, onda nəzərə al ki, işdən çıxarılacaqsan, həm də nəinki işdən çıxarılacaqsan, eyni zamanda, ciddi şəkildə cəzalandırılacaqsan”. Artıq o vaxt bilirdim ki, hər şey ona doğru gedir ki, Əziz Əliyevi həbs etməli, onun ailəsini isə Mircəfər Bağırovun göstərişi ilə buradan sürgün etməli idilər.

    Amma Allah kömək etdi. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxardılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə - Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar. Bundan sonra mən, necə deyərlər, azadlığa çıxdım və 1954-cü ilin noyabrında öz ailə həyatımı qura bildim.

    Qohum olduğumuz illərdə mən Əziz Əliyev ilə çox yaxından ünsiyyət saxlayırdım. Açığını deyim ki, bütün burada deyilənlərlə yanaşı, o, həm də olduqca gözəl insan idi. Bir insan kimi, bir ata kimi olduqca gözəl adam idi. Sadə, məhrəm, ağıllı həmsöhbət olan bu insan tarixdən, ədəbiyyat və incəsənətdən çox şey bilirdi. Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban və ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi.

    Əlbəttə, o, vaxtilə məruz qaldığı repressiyalara görə son illərdə çox həyəcan keçirirdi. Lakin, bununla yanaşı, Əziz Əliyev ona qarşı ədalətsizlik edərək repressiya törədənləri də, onların özlərinin nə kimi cəzalar çəkdiyini də görmüşdür. O, nəinki Mircəfər Bağırovun tutulduğunu, həm də 1956-cı ildə Bakıda onun və digər cinayətkarların məhkəmə prosesini də görmüşdür.

    Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki, Əziz Əliyevlə əlaqə saxladığıma görə mənə iki dəfə xəbərdarlıq etmiş və məni danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün, tale necə olur. Sonralar, 70-ci illərdə mən MK-nın birinci katibi işləyərkən, Yemelyanov öz cəzasını çəkib Bakıya qayıtdı və mənə məktub yazaraq, ona bəzi şəxsi işlərində kömək göstərməyi xahiş etdi. Həyat bax, belədir.

    Bütün bunları ona görə deyirəm ki, öz təəssüratlarımı bölüşmək istəyirəm, həmçinin bildirmək üçün ki, keçmişdə bizim çox xoş, çox yaxşı münasibətlərimiz olubdur, biz onları qiymətləndirməli və unutmamalıyıq. Amma keçmişdə çox ağır hallar da olubdur. Biz elə hallara gərək heç zaman yol verməyək. Xalqımız XIX və XX əsrlər ərzində, 1918-ci ildə soyqırımlara məruz qalıbdır. Sonra Ermənistanda yaşamış azərbaycanlıları 1948-ci ildən etibarən Stalinin xüsusi qərarı ilə yenə də Mircəfər Bağırovun iştirakı ilə zor gücünə Azərbaycana deportasiya etmişlər. Birinci deportasiya əsrin əvvəllərində başlanmışdır. 1918-ci ildə Əziz Əliyevin ailəsi soyqırıma məruz qalaraq deportasiya edilmişdir. Onun orada qalan nəsilləri 1948-1953-cü illərdə köçürülmüşlər. Ermənistanda qalanlar isə 1988-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlandıqda gözümçıxdıya salınmış, məhv edilmiş, zorla oradan çıxarılmışlar.

    20-ci, 30-cu, 40-cı, 50-ci illərin repressiyaları totalitar sovet rejiminin bütün sovet xalqına qarşı, xüsusən Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətdir. 37-38-ci illərdə Azərbaycan xalqının məruz qaldığı repressiyalar, zənnimcə, heç bir respublikada olmayıbdır. Azərbaycanın ən görkəmli elm və mədəniyyət, təhsil xadimləri məhv edilmişlər. Bunu da unutmaq olmaz. Bununla birlikdə, belə hallar bir daha təkrar edilməməlidir.

    Bu gün Azərbaycan müstəqil respublikadır. İndi biz azad insanlarıq. O illərdə çalışan, Azərbaycan elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin bünövrəsini qoymuşlar. Biz onları unutmamalıyıq, onları xatırlamalı, onların xidmətlərini lazımınca qiymətləndirməliyik. Bu adamlar arasında Əziz Əliyev də var.

    Mən çıxışımın əvvəlində dedim və bir daha demək istəyirəm ki, bugünkü gün Dağıstan və Azərbaycan xalqları arasında dostluğun parlaq bir səhifəsidir. Xalqlarımız həmişə dostluq etmişlər və indi biz bu dostluğu, münasibətlərimizi möhkəmləndiririk. Ötən ilin noyabrında biz Qafqazın böyük oğlu, bütün Qafqaz xalqlarının görkəmli qəhrəmanı Şeyx Şamilin 200 illiyini birlikdə qeyd etdik. Xalq Məclisinin sədri Muxu Əliyev başda olmaqla Dağıstandan Bakıya böyük bir nümayəndə heyəti gəlmişdi. Bizim nümayəndə heyəti Mahaçqalaya getmişdi. Biz bir yerdə olduq və Şeyx Şamil bizim ümumi qəhrəmanımızdır. Təsadüfi deyil ki, həmin gecədə Şeyx Şamilin indi Şəki rayonunda yaşayan nəticəsi Məryət Əsgərova da çıxış etdi.

    Biz həmişə bir-birimizin yanında olmuşuq və azərbaycanlılarla dağıstanlıları bir-birindən heç vaxt ayırmamışıq. Əslən Dağıstan xalqlarından olan adamlar bu gün Azərbaycanda tamhüquqlu vətəndaşlar kimi yaşayırlar. Dağıstanda da azərbaycanlılar yaşayırlar, təkcə azərbaycanlılar deyil, başqa millətlər də yaşayırlar. Dağıstanda yaşayanların hamısı bizim qardaşlarımız, dostlarımızdır. Hesab edirəm ki, Azərbaycanda yaşayanların da hamısı bütün dağıstanlıların qardaşları və dostlarıdır.

    Mən artıq dedim ki, Əziz Əliyev kimi görkəmli insanlar Dağıstan və Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın möhkəmlənməsinə çox böyük töhfə vermişlər. İndi bu işə biz də töhfəmizi verməliyik. Ona görə ki, heç nə bir yerdə donub qalmır, hər şey inkişafda, hərəkətdədir. Həyatımızın indiki dövrü keçmişdəkindən - biz bir dövlətin, bir ölkənin tərkibində olduğumuz dövrdəkindən fərqlidir. İndi Azərbaycan müstəqil dövlətdir. Respublika olan Dağıstan eyni zamanda Rusiya Federasiyasının bir hissəsidir. Bizim Dağıstanla olan münasibətlərimiz - Rusiya ilə dostluq münasibətləri deməkdir. Biz Rusiya, rus xalqı ilə həmişə dostluq və mehriban münasibətlər şəraitində yaşamışıq. İndi də bu cür münasibətlər şəraitində yaşayırıq. Biz Azərbaycan ilə Rusiya Federasiyasında dostluq və əməkdaşlığı gələcəkdə də möhkəmləndirəcəyik.

    Dağıstan özünün coğrafi mövqeyi, Azərbaycana xüsusi yaxınlığı baxımından Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində xüsusi rol oynayır. Biz Dağıstanla Azərbaycan arasında dostluğu nə qədər çox möhkəmləndirsək, Rusiya Federasiyası ilə Azərbaycan arasındakı dostluq da bir o qədər möhkəm olacaqdır.

    Keçmişimizə dair gözəl nümunələr çoxdur, bugünkü həyatımızda da xeyirxah, yaxşı cəhətlər az deyildir. Mən buna böyük hörmət hissi ilə yanaşıram ki, Dağıstanın həm Dövlət Şurası, həm hökuməti, həm də parlamenti, Məhəmmədəli Məhəmmədov da, Xizri Şıxsəidov da, Muxu Əliyev də, bütün başqa dostlarımız da Azərbaycanla münasibətləri möhkəmləndirir və inkişaf etdirirlər. Əziz dostlar, Sizi əmin etmək istəyirəm ki, bu dostluğun daha da möhkəm, sarsılmaz və qırılmaz olması üçün biz Azərbaycanda hər şeyi edirik və bundan sonra da edəcəyik.

    Bizim necə birgə tariximiz olduğunu sübut etməyə ehtiyac yoxdur. Gözəl şair Fazu Əliyevanın dediyi kimi, Dağıstan qadınlarının Azərbaycan kişilərini və Azərbaycan kişilərinin, cavanlarının Dağıstan gözəllərini necə sevdiklərini sübut etməyə lüzum yoxdur. Gözəl deyilmişdir, özü də bunu belə bir gözəl dağlı qızı, bizim böyük dostumuz Rəsul Həmzətovla birlikdə öz yaradıcılığı, şerləri ilə Dağıstan xalqlarını şöhrətləndirən gözəl şair Fazu Əliyeva demişdir.

    Bütün bunlar bizim ümumi, misilsiz sərvətimizdir. Bizim borcumuz, vəzifəmiz, gələcək nəsillərin borcu və vəzifəsi isə bu sərvəti, nə varsa hamısını qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirməkdir. Əminəm ki, Dağıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əbədi olacaqdır. Əziz Əliyev bu dostluğun simvoludur. Onun davamçıları olan biz isə bu dostluğun əbədi olması üçün hər şeyi edirik.

    Azərbaycan xalqına bəslədiyi böyük hisslərə, Əziz Əliyevin xatirəsinə göstərdiyi diqqətə görə Dağıstan xalqına bir daha ən dərin minnətdarlığımı bildirirəm.

    Yaşasın Dağıstan! Yaşasın Azərbaycan! Dağıstan və Azərbaycan xalqlarının əbədi və sarsılmaz dostluğuna eşq olsun!

    Respublika sarayı, 14 may 1998-ci il

     




     

    Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin məruzəsi

     

    Möhtərəm cənab Prezident!

    Möhtərəm qonaqlar! Xanımlar və cənablar!

    Bu gün 100 illik yubileyini qeyd etdiyimiz görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyev XX əsr tariximizdə silinməz iz qoyan unudulmaz şəxsiyyətlərdən biridir. Müasirləri onu «cəmiyyətin təbibi» adlandırırdılar. Axı, cəmiyyət də canlı orqanizmdir və təbibə ehtiyacı var. Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin keçdiyi mənalı həyat yolu hər bir vətəndaşımız üçün örnəkdir, zəngin həyat məktəbidir.

    Xeyirlə şərin görünməmiş qarşıdurması ilə səciyyələnən XX əsr Azərbaycanın taleyində xüsusi əhəmiyyət kəsb edir. Bu əsərdə xalqımız iki dünya müharibəsi, iki inqilab, müstəqilliyinin qazanılması və itirilməsi, repressiya və sürgünlər, genosid və deportasiya görmüşdür. Əziz Əliyev bütün bu ağrılı-acılı günləri öz xalqı ilə birgə yaşamış, sevincini də, kədərini də onunla bölüşdürmüş, ona sədaqətlə xidmət etmişdir. Məhz buna görə Əziz Əliyevin bütün mənalı ömrü bizim tariximizin ayrılmaz nurlu səhifələrindən biridir.

    Əziz Əliyev 1997-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd ağsaqqalı, anası Zəhra xanım isə İrəvan mahalının ən nüfuzlu insanlarından biri olan ibrahimbəy Süleymanbəyovun qızı idi. 1905-ci ildə ailə İrəvan şəhərinə köçür. Əziz Əliyev erkən yaşlarından elmə, təhsilə olan hədsiz həvəsi ilə öz yaşıdlarından fərqlənirdi. Bu həvəsi nəzərə alaraq, valideynləri onu dövrün ən mütərəqqi təhsil ocaqlarından sayılan rus-tatar məktəbinə, sonra isə gimnaziyaya qoyurlar. Həmin illəri Əziz Əliyev belə xatırlayırdı:

    «Gimnaziyada ancaq «əla» qiymətlərlə oxuduğumdan təhsil haqqından azad edilmişdim. Onu da deyim ki, əslində ailəmizin dolanışığının ağırlığından heç təhsil haqqı verməyə gücümüz çatmazdı da. Atamın ailəni dolandırmaq imkanları zəiflədiyindən gimnaziyanın 6-cı sinfində oxuduğum vaxtdan anamı və kiçik qardaşımı dolandırmaq boynuma düşdüyü üçün axşamlar şagird hazırlamaqla pul qazanırdım».

    1917-ci ildə gimnaziyanı qızıl medalla bitirən Əziz Əliyev təhsilini davam etdirmək üçün tanınmış xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət etməli olmuş və ondan 300 manat məbləğində kömək almışdır. Bu vəsaitin hesabına o, həmin il Peterburqa getmiş və müsabiqədən keçərək Rusiyanın ən mötəbər təhsil müəssisəsi hesab olunan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. Əziz Əliyev hələ birinci kursda oxuyarkən boş vaxtlarında səpgili yatalaq əleyhinə təşkil edilmiş dezinfeksiya briqadasında sanitar vəzifəsinə işə düzəlmişdi.

    1918-ci ildə onun atası vəfat etmişdi. İrəvana gələn Əziz Əliyev burada dəhşətli hadisələrin şahidi olur. Ermənilər azərbaycanlı əhaliyə qarşı geniş miqyaslı soyqırımı siyasətini həyata keçirməyə başlamışdılar. Antiazərbaycan xarakteri ilə səciyyələnən, bəzi böyük dövlətlərin də dəstəyini alan bu siyasət bəşəriyyətin şahidi olduğu ən qəddar, ən rəzil üsulların tətbiq edildiyi misli görünməmiş vəhşilik idi.

    Bütün Qərbi Azərbaycanda olduğu kimi, İrəvan mahalında da təpədən dırnağa qədər silahlandırılmış erməni quldurları qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən, dinc azərbaycanlı əhalini kütləvi surətdə qılıncdan keçirir, onların əmlaklarını talan edir, evlərini yandırır, əsrlər boyu yaradılmış maddi mədəniyyət abidələrini, hətta əcdadlarının qəbirlərini belə yerlə-yeksan edərək, qədim və zəngin keçmişə malik olan bir xalqı tarixin səhifələrindən silməyə çalışırdılar.

    Belə bir şəraitdə daşnakların qırğınından qurtarmaq üçün o, ailəsini İrəvan şəhərindən Naxçıvanın Şərur rayonuna, bir müddət sonra isə Şaxtaxtı kəndinə köçürür.

    Lakin bir neçə ildən sonra Naxçıvan diyarı da erməni silahlı dəstələrinin hücumlarına məruz qalır. Qırğından salamat çıxan kənd sakinləri ilə birlikdə Əziz Əliyevin ailəsi də Cənubi Azərbaycanın Ərəblər kəndinə pənah gətirir. Sonralar o, bu dövrü öz tərcümeyi-halında daim əks etdirərək qeyd edirdi ki, İranın Ərəblər kəndi ilə Şaxtaxtı arasında cəmi üç kilometr məsafə var və ailəsi sadəcə olaraq, daşnakların əlindən xilas olmaq üçün Arazın o tayına keçmişdi.

    Baş verən bütün bu faciəli hadisələr Əziz Əliyevi Peterburqa qayıtmaq və təhsilini davam etdirmək imkanından məhrum edir. Lakin o, təbabətdən ayrılmayaraq, əldə etdiyi tibbi kitabları mütaliə edə-edə müalicəxanalarda, əczaxanalarda həkim köməkçisi vəzifəsinə işə düzəlib, əhaliyə tibb xidməti göstərmişdir.

    1920-ci ildə Əziz Əliyevin anası Ərəblər kəndində vəfat edir. 1921-ci ildə yenidən Şaxtaxtı kəndinə qayıdan Əziz Əliyev 1923-cü ilin may ayınadək orada tibb işçisi, həkim köməkçisi kimi çalışmışdır. 1923-cü ilin may ayında Bakıya köçən Əziz Əliyevin həyatında yeni mərhələ başlayır. O, əvvəllər Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, şuranın ümumi şöbəsi müdirinin müavini və nəhayət, Respublika Xalq Komissarları Şurasının katibi vəzifələrində işləyir.

    Əziz Əliyev yarımçıq qalmış tibb təhsilini davam etdirərək, 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Universitetdə təhsilini başa çatdırdıqdan sonra daxili xəstəliklər kafedrasında saxlanılan Əziz Əliyev ordinator, aspirant, assistent və dosent vəzifələrində çalışmış, universitetin ictimai həyatında fəal iştirak etmişdir.

    Əziz Əliyev 1929-cu ildə Azərbaycan Klinik İnstitutunun direktoru təyin olunur. Elə məhz həmin illərdəki fəaliyyəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olduğunu göstərmişdir.

    İstər İkinci Dünya müharibəsindən əvvəl, istərsə də müharibədən sonrakı illərdə özünü Azərbaycanda səhiyyənin təşkili və inkişafına həsr edən Əziz Əliyev Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının müavini, xalq səhiyyə komissarı və başqa vəzifələrdə çalışarkən Azərbaycanı qarış-qarış gəzərək, xalq səhiyyəsinin problemlərinin aradan qalıdrılması ilə yaxından məşğul olmuş və bu problemlərin həlli yolunda nəzərəçarpacaq əməli addımlar atmışdır. Son dərəcə tələbkar, enyi zamanda, qayğıkeş və təvazökar insan olan Əziz Əliyevin ölkəmizdə tibb elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında da böyük rolu olmuşdur.

    Akademik Mustafa bəy Topçubaşov deyirdi: «Təbabət sahəsində bizdə çoxlu görkəmli və fəxri yer tutan alimlər və şəxsiyyətlər var. Mən onların çoxu ilə işləmişəm və onların bəzilərini şəxsən tanıyıram. Amma Əziz Əliyev sadəcə şəxsiyyət deyildi, onun fəaliyyəti ölkəmizin xalq səhiyyəsinin inkişaf tarixində bizim üçün şanlı bir səhifə və çox dəyərli bir mərhələdir». Onun həyatının Azərbaycan Tibb İnstitutu ilə bağlı məqamları respublika tibb ictimaiyyəti, ümumiyyətlə səhiyyə işçiləri üçün nümunə ola biləcək böyük bir məktəbdir.

    1930-cu ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazasında Tibb institutu yaradılır. İnstitutun yaradıldığı ilk illərdə ona rəhbərlik etmək Əziz Əliyevə nəsib olur. Respublikanın tibb kadrlarına ehtiyacı və bu ehtiyacın ödənilməsinə olan təlabat, bu sahədə milli kadrların çatışmazlığı, Azərbaycan dilində dərs vəsaitinin yoxluğu və sairə bu işin necə çətin və necə məsul olduğunu göstərirdi.

    Əziz Əliyev Tibb İnstitutunun formalaşmasında və qabaqcıl təhsil ocaqlarının birinə çevrilməsində böyük xidmətləri olmuş bir şəxsiyyətdir. Onun rəhbərlik etdiyi dövrdə Azərbaycan Dövlət Tibb İnstitutundan söz açmaq Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Cahangir Hüseynov, Kamil Balakişiyev, Əbülfəz Qarayev kimi dünya şöhrətli, görkəmli alimlərdən söz açmaq deməkdir. Azərbaycan dilində 45 adda dərslik və tədris vəsaitinin hazırlanması isə əsl hünər idi. O dövrdə yaranmış əsərlərdən Kamil Ba- lakişiyevin «insanın normal anatomiyası», Cahangir Hüseynovun «Patoloji anatomiya» Umnisə Musabəylinin «Göz xəstəlikləri» və başqa kitablar Azərbaycan təbabət tarixinə qızıl hərflərlə yazılmışdır. Bu kitablar içərisində Əziz Əliyevin də əsərləri var idi.

    Hələ cavan yaşlarından həmkarları tərəfindən «Təcili yardım» ləqəbi almış Əziz Əliyev təbabətin «atası» Hippokrat həkimlər üçün nə tövsiyə etmişdisə, hamısına tam əməl edirdi. Hansı sahəni dirçəltmək lazım idisə, Əziz Əliyev oraya göndərilər və orada işləri tənzimləyərdi. Məhz bu məqsədlə 1934-cü ildə o, Bakı Şəhər Səhiyyə Şöbəsinə müdir təyin edilmiş və 1935-ci ildə yenidən Tibb institutuna rektor vəzifəsinə qaytarılmış, 1937-ci ildə isə ona eyni zamanda Azərbaycan Dövlət Universitetinə də başçılıq etmək həvalə olunmuşdu.

    Uzun müddət eksperimental nefritin öyrənilməsi sahəsində araşdırmalar aparmış Əziz Əliyev öz elmi axtarışlarını pedaqoji fəaliyyti və təşkilatçılıq işi ilə məharətlə uzlaşdırırdı. Azərbaycan alimlərinin əsərlərinin çapı problemini həll etmək məqsədi ilə o, «Azərbaycan tibb jurnalı»na xüsusi diqqət yetirir və 1935-ci ildən bu jurnalın baş redaktoru olur. Bu gün «Təbib» adı ilə nəşr olunan «Tibb kadrları uğrunda» çoxtirajlı qəzet onun təşəbbüsü ilə təsis edilmişdir.

    Əziz Əliyevin təbabət sahəsində istedadı təkcə təşkilatçılıqla və praktik həkimliklə məhdudlaşmırdı. O, həmçinin gözəl nəzəriyyəçi alim idi. İnstitutu bitirəndən iki il sonra - 1929-cu ildə namizədlik, beş il sonra isə doktorluq dissertasiyalarını böyük müvəffəqiyyətlə müdafiə edən Əziz Əliyev nəzəriyyə ilə praktikanı əlaqələndirməyi bacaran böyük alim idi. Onun doktorluq işi SSRİ Elmlər Akademiyasının xüsusi mükafatına layiq görülmüşdür.

    1930-1940-cı illərdə Əziz Əliyev respublikada tüğyan edən malyariya vətraxomaya qarşı mübarizədə fəal iştirak etmiş və bu dəhşətli xəstəliklərin kökünün kəsilməsində bütün səy və bacarığını sərf etmişdir. Onun təşəbbüsü ilə xüsusi dispanserlər, xəstəxanalar yaradılmışdır. Həmin bu illərdə o, fövqəladə antiepidemioloji respublika komissiyasının da sədri olur.

    Lakin cəmiyyət üçün əlindən gələni edən Əziz Əliyevin əməyi totalitar rejim şəraitində nəinki lazımınca qiymətləndirilməmiş, əksinə, onun fəaliyyəti qarşısında müxtəlif əngəllər yaradılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu 1940-cı il aprelin 12-də Əziz Əliyevə töhmət vermişdir. Büronun qərarında bunun səbəbi belə göstərilir: Azərbaycan Tibb İnstitutunu şübhəli düşmən ünsürlərindən təmizləmək üçün tədbirlər görmədiyinə və institutun ayrı-ayrı işçilərinin antisovet-millətçi hərəkətlərini ifşa etmədiyinə görə.

    Xatırladaq ki, həmin 1940-cı ildə Əziz Əliyev xalq səhiyyə komissarı idi.

    Ondan öncə o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur. 1941-ci il martın 5-də isə Əziz Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi seçilmişdir. O, bu vəzifədə 1942-ci ilin oktyabrına qədər qalmasına baxmayaraq, əslində faşizmə qarşı müharibə şəraitində onun əsl fəaliyyət dairəsi xidməti vəzifələrin çərçivəsinə sığmırdı. 1941-ci ilin oktyabrın 21-də Moskva ilə gedən uzun danışıqlardan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi qərara alır ki, sovet qoşunları arasında təbliğat işi aparmaq üçün Zaqafqaziya Cəbhəsinin Hərbi Şurasının sərəncamına bir qrup partiya işçisi ayrılsın. Zaqafqaziya Cəbhəsinin komandanı general-leytenant D. Kozlovun Hərbi Şuraya ünvanladığı tam məxfi məktubunda bildirilir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi Əziz Əliyev 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunur. Məktubda göstərilir ki, ordu hissələri içərisində təbliğat-izahat işi aparanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi, ordunun Hərbi Şurasının üzvü olan Əziz Əliyevin göstərişlərini rəhbər tutsunlar.

    Əziz Əliyevin bioqrafiyasının bu dövrü ilə bağlı hadisələr barədə çox danışmaq olar. Bircə faktı qeyd edək ki, onunla birlikdə Təbrizdə Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, Mehdixan Vəkilov, Qulam Məmmədli və başqaları çiyin-çiyinə çalışırdılar.

    İkinci Dünya müharibəsi zamanı İran, Türkiyə və Sovet İttifaqı arasında yaranmış böhranlı vəziyyətdən istifadə etmək istəyən ermənilər Qarsdan Təbrizədək olan torpaqları Sovet Ermənistanına qatıb «böyük Ermənistan» dövləti yaratmaq xülyasını gerçəkləşdirməyə çalışdılar. Onların ilkin planlarına görə, sovet qoşunlarının yerləşdiyi İran ərazisi Ermənistanın təsir dairəsinə keçməli və Təbriz Ermənistanın idarəetmə orqanlarına tabe edilməli idi.

    Əziz Əliyev gündəlik fəaliyyətində öz əsas vəzifələrinin icrası ilə yanaşı, müxtəlif səpkili mürəkkəb problemləri həll etməyə məcbur idi. Bir tərəfdən ermənilər cürbəcür təxribatlar törətməklə İranın yerli əhalisini Əziz Əliyevin missiyasının əleyhinə qaldırmağa çalışırdılar. Məsələn, şəhərdə qənd ticarətinə nəzarət edən erməni tacirləri qəndin satışını qadağan edərək, onun gizli yolla iranın cənubuna göndərirdilər. Digər tərəfdən, belə hadisələrin qarşısı tezliklə alındıqdan sonra müxtəlif qüvvələrlə əlaqəyə girən daşnak Budaqyan qardaşları Əziz Əliyevin əleyhinə Moskvaya təxribat xarakterli materiallar çatdırırdılar. O dövrün keşməkeşli mürəkkəb siyasi hadisələrini, İranda böyük dövlətlərin mövqelərinin qarşıdurmasını məşhur ingilis yazıçısı Ceyms Oldric özünün «Diplomat» romanında dolğun əks etdirmişdir. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, bu dövrdə Əziz Əliyevin gördüyü işlərin əsl qiymətini zaman və tarix özü verəcəkdir.

    Əziz Əliyevi İrandan sonra daha çətin və daha ağır bir iş gözləyirdi. Müharibənin ən qanlı-qadalı günləri idi. Alman faşistləri Qafqaza çatmış və Bakıya can atırdılar. Onların fikrincə, Bakı almanların əlinə keçməli, Bakı nefti isə Reyxin mənafeyinə xidmət etməli idi.

    Neft Bakısına yol Dağıstandan keçirdi. Alman komandanlığı Mahaçqalanı Xəzər dənizində baş hərbi dəniz bazasına çevirmək istəyirdi. Dağıstan sərt cəbhəyanı şəraitdə yaşayırdı. Ayrı-ayrı müəssisələr köçürülmüş, fərarilik halları geniş yayılmışdı. Düşmənin Dağıstanı işğal etmək təhlükəsi yaranmışdı.

    Belə bir şəraitdə Müdafiə Şurasının xüsusi qərarı ilə Sovet İttifaqı rəhbərləri Dağıstan hökumətini gücləndirmək məqsədi ilə Əziz Əliyevi İran cəbhəsindən Dağıstan cəbhəsinə göndərir. Məhz bu qərar əsasında o, 1942-ci il sentyabr ayının 18-də Dağıstan Vilayət Partiya Komitəsinə birinci katib seçilir və Mahaçqala Müdafiə Komitəsinə sədr təyin edilir. Eyni zamanda o, 58-ci ordunun hərbi şurasının üzvü, Bakının Hava Hücumlarından Müdafiəsi Şurasının üzvü seçilir.

    Əziz Əliyevin fəaliyyəti elə ilk aylardan respublikanın ərazisində partizan dəstələri yaratmaq haqqında, könüllü qoşun dəstələrinin təşkil edilməsi haqqında, qırıcı batalyonların vəziyyəti barədə, Mahaçqalanın müdafiəsi sahəsində tədbirlər haqqında, Dağıstanın yerli millətlərinin nümayəndələrindən kadr hazırlanması və onlara etimad göstərilərək irəli çəkilməsi haqqında və sairə çox mühüm qərarlarla səciyyələnirdi.

    O günlər Dağıstanda 13 partizan dəstəsi, bir neçə qırıcı batalyon, 700-dək könüllü qoşun dəstəsi yaradılmışdı.

    Qısa bir müddətdə respublikanın müdafiə kompleksində işlər qaydasına salınmışdı. Ağır müharibə illərinə baxmayaraq, xalqa ruh verən, onu qanadlandıran mənəviyyat sahəsində də ciddi irəliləyişlər görünürdü. Əziz Əliyevin təşəbbüsü ilə Dağıstan Dövlət Filarmoniyası yaradılmış, Kumık Teatrı, Avar Teatrı Mahaçqalaya köçürülmüşdü, ilk dəfə Dargin Teatrı işə başlamış, Lak Teatrı yenidən qurulmuş, Dövlət Tədris-Pedaqoji Nəşriyyatının bünövrəsi qoyulmuşdu. Elmi Tədqiqat İnstitutu, Qızlar Müəllimlər institutu, Qızlar Pedaqoji Məktəbi açılmış, Elmlər Akademiyasının yaradılması haqqında qərar qəbul edilmişdi.

    Ziddiyyətlər və keşməkeşlərlə dolu olan o illərdə çeçenlərə, inquşlara və digər Qafqaz xalqlarına qarşı edilmiş haqsızlıqların dağıstanlıların da başına gəlməməsində Əziz Əliyevin həlledici rolu təkzibedilməzdir. O, öz cəsurluğu, mərdliyi, uzaqgörənliyi və müdrikliyi sayəsində Dağıstan xalqlarının sürgün edilməsinin qarşısını ala bilmişdi. Əziz Əliyev 1949-cu ilədək Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışaraq özünü müdrik dövlət xadimi kimi göstərmişdir. Həqiqətən, məhz onun prinsipiallığı, ədalətliliyi, səriştəliliyi, tələbkarlığı və təşkilatçılığı sayəsində Dağıstanda böyük uğurlar qazanılmışdı.

    Əziz Əliyevin fəaliyyətinin Dağıstan dövrünə nəzər salarkən hər bir azərbaycanlı kimi, onun da Dağıstan xalqlarına bəslədiyi məhəbbətdən irəli gələn mühüm bir cəhət diqqətdən yayınmır. Bu, başqa cür də ola bilməzdi. Çünki qardaş Dağıstan xalqları ilə Azərbaycan xalqının dostluq, qardaşlıq münasibətləri əsrlərin, qərinələrin sınağından çıxmış qırılmaz, əbədi tellərlə bağlıdır və min illər bundan öncə olduğu kimi, bu gün də xalqımızı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Talelərimizin tarixən oxşarlığı, insan varlığının bütün əsas cəhətləri yüzilliklər ərzində minlərlə gözəgörünməz tellərlə xalqlarımızı birləşdirmişdir.

    Məhz bu ruhda tərbiyə almış Əziz Əliyevin xalqlarımızın dostluğunun daha da möhkəmlənməsi yolunda məqsədyönlü, düşünülmüş fəaliyyəti qardaş Dağıstanda böyük ehtiramla xatırlanır və yüksək səviyyədə təqdir edilir. Respublikada işlədiyi yeddi ilə yaxın bir müddətdə o, bütün dağıstanlıların qəlbində və yaddaşında silinməz iz qoymuşdur. Yaxın günlərdə hər iki xalqın sevimli oğlunun 100 illiyi münasibətilə Mahaçqalada keçirilmiş yubiley təntənələri bunun bariz nümunəsidir və onun nəticəsidir ki, o böyük insan dağlılar üçün istedadlı rəhbər, səmimi və xeyirxah yoldaş, respublikanın və onun xalqlarının hər birinin rifahı naminə çoxlu qüvvə və enerji sərf etmiş, yüksək mənəvi keyfiyyətlərə malik insan olmuşdur. Elə buna görə də qədirbilən Dağıstan xalqı Əziz Əliyevin xatirəsini əbədi olaraq yaddaşına həkk etmişdir.

    Bu gün əzəmətli sarayda Dağıstan Respublikasının nüfuzlu nümayəndə heyətinin iştirakı bir daha təsdiq edir ki, bizə Əziz Əliyevdən miras qalan bu dostluğu və qardaşlığı biz daim yaşadacaq və gələcək nəsillərə irs qoyub gedəcəyik.

    1949-1950-ci illərdə Əziz Əliyev Moskvada Ümumittifaq Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyirdi. O, 1950-ci ildə Bakıya dəvət olunur və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilir. 1951-ci il iyun ayının 12-də Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun qərarı ilə Əziz Əliyevə şiddətli töhmət verilir. Qərarda yazılır: «Tərcümeyi-halında və başqa sənədlərdə doğmalarının və yaxın qohumlarının əsl sosial vəziyyətini gizlətməklə partiyanı aldatdığına görə şiddətli töhmət elan olunsun».

    Həmin il iyulun 24-də o, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunur. Bu qərarda yazılmışdı ki, «Valideynlərinin sosial vəziyyətini, doğma bacısının İranda olmasını gizlətməklə partiya üzvünə yaraşmayan hərəkətlərə yol verdiyinə görə respublika fəalları arasında nüfuzdan düşdüyü üçün» Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilmişdir.

    Bundan sonra Əziz Əliyev Azərbaycan Elmi Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutuna direktor təyin olunur. Lakin qısa bir müddətdən sonra o, xüsusi göstəriş əsasında direktor vəzifəsindən azad olunur və Sabunçu xəstəxanasına işə köçürülür. Yalnız Stalinin ölümündən sonra Azərbaycanın rəhbərliyi dəyişildikdə o, həmin instituta direktor kimi yenidən qayıdır. 1959-cu ildən Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləməyə başlayan Əziz Əliyev ömrünün axırına qədər öz fəaliyyətini bu elm ocağı ilə bağlayır. Bu gün institut Əziz Əliyevin adını şərəflə daşıyır.

    Hər dövrdə olduğu kimi, bu dəfə də Əziz Əliyevi haqsızlıqlar ruhdan salmır. Bundan sonra elmi işlə məşğul olan Əziz müəllimin qısa müddətdə 33 elmi işi çapdan çıxır. O, həmin illər rəhbərlik etdiyi Ortopediya Elmi Tədqiqat İnstitutunun beş cildlik elmi əsərlər məcmuəsini nəşr etdirir. 1958-1959-cu illərdə onlarca elmi əsərlər məcmuəsini nəşr etdirir. 1958-1959-cu illərdə onlarca elmlər namizədi hazırlayır.

    Əziz Əliyev sovet dövrünün ictimai və dövlət xadimləri arasında daim xüsusi yer tuturdu. Bu kütlə arasında o, yüksək intellektual və mədəni səviyyəsi ilə seçilirdi. Azərbaycanın o dövrdə yaşamış bütün elm və incəsənət xadimlərini Əziz Əliyevlə şəxsi dostluq münasibətləri bağlayırdı. Onun ailəsindəki ab-hava əsl ziyalı ailəsinə xas olan bir mühit idi. Təsadüfi deyil ki, bu ailədə iki elmlər doktoru, professor və bir akademik yetişmişdi. Bu ailə üzvlərinin hər biri haqqında - istər ömürlərini tibb sahəsinə bağlayan Tamerlan, Zərifə xanım və Cəmil Əliyevlər, istərsə də görkəmli incəsənət xadimi, «Dan ulduzu» ansamblının banisi Gülarə Əliyeva haqqında ayrıca məruzə etmək mümkündür.

    Dünya şöhrətli dövlət xadimi, xalqımızın ağsaqqalı, Prezidentimiz möhtərəm Heydər Əliyev Əziz Əliyevin ailəsi ilə sıx tellərlə bağlı olmuş və bu ailədəki səmimiyyəti, insani, yaradıcı mühitin təsirini daim hiss etmişdir.

    Fürsətdən istifadə edərək, möhtərəm Heydər Əliyevi qəlbində daim anan, ancaq onun 75 illiyi münasibətilə müəyyən səbəbdən öz ürək sözlərini, istək və ehtiramını çatdıra bilməyən tədbir iştirakçıları adından Prezidentimizi səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, Azərbaycanın bu günü və gələcəyi naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıram.

    Əziz Əliyev 1962-ci il iyul ayının 27-də dünyasını dəyişir. O, dəfələrlə Sovet İttifaqı, Azərbaycan və Dağıstan Ali Sovetlərinin deputatı seçilmiş, ölkənin ən yüksək mükafatları ilə təltif edilmişdir. Amma onun qazandığı ən böyük mükafat xalqın dərin hörməti və məhəbbəti oldu. Əziz Əliyev harada olursa-olsun, hansı vəzifəni tutursa-tutsun, onun bir məqsədi, bir amalı - Vətənə, xalqa sədaqətlə xidmət göstərmək, öz yüksək vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək olmuşdur.

    Görkəmli dövlət xadimi Əziz Əliyevin dövlət quruculuğu, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, elmin təşkili, səhiyyənin inkişafı və başqa sahələrdəki çoxcəhətli fəaliyyəti, göstərdiyi xidmətlər tariximizi zənginləşdirən gələcək nəsillərə örnək ola bilən, mayası xalqa sədaqət, cəmiyyətə xidmət, insanlara diqqət və qayğı ruhunda yoğrulmuş qiymətli bir həyat salnaməsidir. Bizim hamımız bu böyük insanın həyat və fəaliyyət təcrübəsindən səmərəli istifadə edərək xalqa, onun yüksək amallarına xidmətdə Əziz müəllimin yolunu davam etdirməyə çalışmalıyıq.

    Əziz Əliyevin qoyub getdiyi ibrət dərslərindən biri də insanın öz daxili əqidəsinə sadiqlik dərsidir. Həyatın enişli-yoxuşlu yollarında Əziz Əliyev əyilmədən, dönmədən daim yüksək humanist ideallara sadiq qalan bir şəxsiyyət olmuşdur. Ona müstəqil Azərbaycanda yaşamaq nəsib olmamışdır. Lakin o, özünün hər bir əməli, hərəkəti ilə Azərbaycanın müstəqilliyinin gerçəkləşməsinə çalışmışdır.

    Əziz Əliyevin həyatı və fəaliyyəti boyu qurub-yaratdığı, həyata keçirdiyi əməllər içərisində onun Azərbaycan-Dağıstan dostluğunun daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi naminə atdığı addımlar xüsusi yer tutur. Bu gün Azərbaycan-Dağıstan dostluğundan söz açarkən ilk növbədə hamının gözü önündə Əziz Əliyevin işıqlı siması canlanır. O, bu əbədi dostluğun rəmzinə, abidəsinə çevrilmişdir.

    Əziz Əliyevin mənalı həyatı və fəaliyyəti bu gün də xalqına xidmət edir.

    Respublika sarayı, 14 may 1998-ci il

     




     

    Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində Dağıstan Respublikası Hökumətinin sədri Xizri Şıxsəidovun çıxışı

     

    Çox hörmətli Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev!

    Hörmətli dostlar!

    İcazə verin çoxmillətli Dağıstan xalqı və respublika rəhbərliyi adından bugünkü yubiley təntənəsinin iştirakçılarını hərarətlə və ürəkdən təbrik edim, qardaş Azərbaycan xalqına ən yaxşı sülh, firavanlıq və tərəqqi arzularını çatdırım.

    İki həftədən çox bundan əvvəl Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan Respublikasının olduqca geniş və mötəbər nümayəndə heyətini Dağıstanda qəbul etmək şərəfi bizə nəsib oldu. Bu səfəri ilə nümayəndə heyəti bizim üçün unudulmaz olan Əziz Məmmədkərim oğlu Əliyevin xatirəsini yad etməklə yanaşı, eyni zamanda Azərbaycan və Dağıstan xalqları arasında dostluğu əsrlərdən bəri möhkəmləndirən ən yaxşı və xeyirxah nə varsa, hamısını bir daha nümayiş etdirdi.

    Həmin unudulmaz günlərdə Əziz Əliyevin işıqlı xatirəsinə bizimlə birlikdə hörmət və ehtiramını bildirdiklərinə görə, fürsətdən istifadə edərək, azərbaycanlı dostlarımıza dağıstanlılar adından bir daha təşəkkür etmək istəyirəm.

    Son illərdə ictimai şüurda, insanların dünyabaxışında dəyərlərə münasibət tamamilə başqa şəkil almış, əvvəllər pərəstiş olunanların bir çoxuna münasibət dəyişmiş, haqsız olaraq unudulmuş insan taleləri üzə çıxmışdır. Ancaq Əziz Məmmədkərim oğlu Əliyev kimi parlaq şəxsiyyətlərin xatirəsi zamandan asılı deyildir, o, dağıstanlıların qəlbində və yaddaşında yaşayır.

    Tale Böyük Vətən müharibəsinin ən ağır illərində onun həyatını Dağıstanla birləşdirdi. O, 1942-ci ilin sentyabrında Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifəyə başladı. Bu, onun bütün əvvəlki həyatının qanunauyğun nəticəsi, qeyri-adi təşkilatçılıq qabiliyyətinin etirafı və ölkə rəhbərliyi qarşısındakı yüksək nüfuzunun təsdiqi idi.

    Yalnız həqiqətən mərd, möhkəm iradəli, özünün çox böyük məsuliyyətini tam şəkildə başa düşən insan o dövrün sərt şəraitinin ona ayırdığı çətin rolu üzərinə götürə bilərdi. Əziz Məmmədkərimoğlu bu məsul rolu şüurlu surətdə öz üzərinə götürmüşdü və onu axıradək ləyaqətlə, vicdanla yerinə yetirdi, dağıstanlıların qəlbində və yaddaşında silinməz iz qoydu.

    Dağıstanda işlədiyi ilk günlərdən etibarən onun istedadlı siyasətçi və dövlət xadimi olması özünü göstərdi. Onu yaxından tanımaq və onunla birlikdə işləmək nəsib olanların hamısı Əziz Əliyevi parlaq zəkaya, yüksək iş qabiliyyətinə malik, prinsipial, özünə və həmkarlarına qarşı tələbkar şəxsiyyət kimi səciyyələndirirlər. Bununla yanaşı, o, yüksək insani keyfiyyətlərə malik idi. Dağıstanlıların xarakterini, adət-ənənələrini yaxşı bilən Əziz Məmmədkərimoğlu dağıstanlılara qəlbən məhrəm olmuş, beləliklə də çox böyük nüfuz, Dağıstan xalqının ürəkdən gələn hörmət və məhəbbətini qazanmışdı.

    O dövrdə Dağıstanda mövcud olan mürəkkəb cəbhəyanı şərait bütün ehtiyatları cəbhənin ehtiyaclarının ödənilməsinə yönəltmək üçün respublika rəhbərliyindən təcili və təsirli tədbirlər görməyi tələb edirdi. Buraxılmış səhvləri aradan qaldırmaq, kənd təsərrüfatını gerilikdən çıxarmaq, zəhmətkeşləri müdafiə xətlərinin tikintisinə səfərbər etmək, Dağıstanda təşkil olunan hərbi hissələri lazım olan hər şeylə təmin etmək, yaralı döyüşçülərin qəbulu üçün hospitallar şəbəkəsini genişləndirmək, ölkənin işğal olunmuş ərazilərindən köçürülmüş insanların qayğısına qalmaq, respublikanın müdafiə kompleksi müəssisələrini xammal və materiallarla təchiz etmək üçün son dərəcə gərgin işləmək tələb olunurdu.

    Belə bir şəraitdə Əziz Məmmədkərim oğlu Əliyev qısa müddət ərzində Dağıstan zəhmətkeşlərini birləşdirdi, onların iradəsini və enerjisini ümumxalq müqavimətinə yardıma yönəltdi. Onun rəhbərliyi altında respublika çox böyük hərbi səfərbərlik işi gördü, müharibə dövrünün sərt sınağından ləyaqətlə çıxdı, bütün qüvvələri və ehtiyatları düşmənlə mübarizəyə yönəldə bildi.

    İşinin həddən artıq çox olmasına baxmayaraq, o, müharibə dövrünün və ondan sonrakı illərin ən ekstremal vəziyyətlərində də insanlara qayğını unutmur, əhalinin, xüsusən cəbhəçi ailələrinin mənzil, ərzaq, tibb xidməti ilə təmin olunması məsələlərinə daim nəzarət edirdi. O uşaqlara, qadınlara, əlillərə və qocalara xüsusi diqqət göstərirdi. Çox gərgin zəhmət hesabına respublika cəbhəyə yüz min tonlarla kənd təsərrüfatı məhsulları verir, hərbi məhsul istehsalı planını daim və artıqlaması ilə yerinə yetirirdi. Bütün bu və digər müvəffəqiyyətlərə görə respublika ölkə silahlı qüvvələrinin ali baş komandanının çoxsaylı təşəkkürlərini almış, Dövlət Müdafiə Komitəsinin keçici bayraqlarına layiq görülmüşdü. Respublika əhalisinin kütləvi qəhrəmanlığı, arxa cəbhədə fədakar işi, öz böyük vətəninə hədsiz sədaqəti Dağıstana yüksək mənəvi nüfuz gətirmişdi. Şübhəsiz ki, bütün bunlarda Əziz Əliyevin şəxsi xidməti var idi.

    Əziz Məmmədkərimoğlu müharibədən sonrakı illərdə də Dağıstanın naminə eyni enerji və fədakarlıqla işləmişdir. Onun rəhbərliyi altında üç il ərzində müharibənin nəticələrinin aradan qaldırılması, respublika xalq təsərrüfatının dinc quruculuq işlərinə keçirilməsi ilə bağlı son dərəcə böyük məsələlər həll edildi. Dağıstan xalqları respublikamızın iqtisadiyatının, mədəniyyətinin, elminin və təhsilinin inkişafına onun verdiyi töhfəni səmimi minnətdarlıq hissi ilə xatırlayırlar.

    Əziz Əliyev respublikanın elmi idarələrinin, ali və orta təhsil müəssisələrinin bazasını genişləndirmək və möhkəmləndirmək sahəsində də çox böyük rol oynamışdır. O, Mahaçqalada akademik mərkəzin yaradılması işinə çox böyük qüvvə sərf etmişdir. Sonralar həmin mərkəzin əsasında SSRİ Elmlər Akademiyasının Dağıstan filialı yaradıldı. Əziz Əliyevin yaxından iştirakı ilə Dağıstanda Elmi-Tədqiqat Məktəblər institutu, Qadın Müəllimlər institutu, pedaqoji məktəb, habelə uşaq kitab nəşriyyatı açılmışdı.

    O, elmi və yaradıcı ziyalılara, Dağıstanın özünəməxsus milli ədəbiyyat və incəsənətinin inkişafına daim qayğı göstərirdi. Dağıstanın tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin bir çoxunun taleyində onun şəxsi rolu olmuşdur.

    Dağıstan Əziz Məmmədkərim oğlu Əliyevi istedadlı rəhbər, xeyirxah və mehriban yoldaş, beynəlmiləlçi, yüksək mənəvi keyfiyyələrə malik, respublikamızın naminə böyük qüvvə, enerji sərf etmiş insan kimi tanıyır və bu cür də xatırlayacaqdır. Dağıstanlılar bu gün də onu böyük səmimiyyət və minnətdarlıqla yad edirlər. Onun xatirəsini əbədiləşdirmək üçün Mahaçqala küçələrinin birinə Əziz əliyevin adı verilmişdir. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Kaspiysk şəhərindəki Tibb Məktəbinə onun adı verilmişdir. Əziz Əliyevin yüz illik yubileyi münasibətilə Dağıstanda «Əliyev Əziz Məmmədkərimoğlu: Dağıstanda işlədiyi illər (1942-1948)» kitabı nəşr olunmuşdur.

    Əziz Əliyev Dağıstanı və dağıstanlıları çox sevirdi. Eyni zamanda Dağıstan xalqları da onu sevir, bütün xeyirxah işlərdə dəstəkləyirdilər. Respublikamızda onun çoxlu dostları qalmışdır. Onlar Əziz Əliyevi bu gün də xüsusi səmimiyyətlə xatırlayırlar.

    İllər, onilliklər keçəcək, lakin Azərbaycan və Dağıstan xalqlarının şanlı oğlu Əziz Əliyevin xatirəsi qədirbilən nəsillərin hafizəsində yaşayacaqdır.

    Hörmətli təntənəli yığıncaq iştirakçıları, tale elə gətirdi ki, Əziz Məmmədkərimoğlu Azərbaycanın digər görkəmli oğlu, 75 illiyini sizinlə birlikdə bu yaxınlarda qeyd etdiyimiz və qeyd etməkdə davam etdiyimiz Heydər Əlirza oğlu Əliyevlə qohum olmuşdur.

    Dağıstan Dövlət Şurasının sədri Məhəmmədovun başçılığı ilə Dağıstan Respublikası nümayəndə heyətinin mayın 8-də bu yubiley münasibəti ilə şənliklərdə iştirak etməsi iki qardaş respublikanın qarşılıqlı münasibətlərində mühüm hadisə olmuşdur.

    Nəinki görkəmli siyasətçi və dövlət xadimi kimi, həm də respublkalarımız və xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və daha da inkişaf etməsinə xüsusi diqqət yetirən, Qafqazda sülhün qorunub saxlanması və möhkəmlənməsi işinə böyük töhfə verən bir insan kimi Heydər Əliyevə dağıstanlılar çox böyük hörmət bəsləyirlər.

    Hörmətli Heydər Əlirza oğlu, icazə verin, Sizi həyatınızdakı əlamətdar hadisə ilə əlaqədar bir daha təbrik edim, Sizə Azərbaycan xalqının və bütün Qafqaz xalqlarının tərəqqisi naminə möhkəm cansağlığı, sülh, xoşbəxtlik və firavanlıq, yeni-yeni uğurlar arzulayım.

    Biz bunun şahidiyik ki, Azərbaycan Prezidentinin siyasi xəttinin ardıcıllığı və prinsipiallığı Azərbaycan cəmiyyətinin əslində bütün sahələrində öz müsbət bəhrələrini verir. Məmnunluqla qeyd etmək olar ki, Azərbaycan Respublikasının indiki rəhbərliyi bir hissəsini Dağıstan Respublikasının təşkil etdiyi Rusiya Federasiyası ilə münasibətlərin möhkəmlənməsinə və inkişafına böyük əhəmiyyət verir, bunu öz xarici siyasətinin çox mühüm istiqaməti sayır.

    Biz Azərbaycan və Dağıstan xalqları arasında çoxəsrlik mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrini bundan sonra da möhkəmlədəcək və inkişaf etdirəcəyik. Bu ənənələri bizə böyük əcdadlarımız miras qoymuşdur.

    Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, Dağıstan xalqı respublikada əmin-amanlığı və nisbi sakitliyi qoruyub saxlamağa müvəffəq olmuşdur. Otuzdan artıq millət çoxəsrlik ənənələrə və yaşlı nəsillərin müdrik məsləhətlərinə əməl edərək respublikada əmin-amanlıq və həmrəylik şəraitində yaşayır. Dağıstan xalqlarının mehriban ailəsində azərbaycanlılar da layiqincə yaşayaraq Dağıstanın iqtisadi və intellektual potensialına böyük töhfə verirlər.

    Dağıstanda Azərbaycan Dövlət Dram Teatrının açılması respublikanın ictimai və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Bu teatra Əziz Əliyevin adı verilmişdir. Biz əminik ki, Əziz Əliyevin Dağıstanda və Azərbaycanda keçirilmiş yubileyi, şənliklər və digər tədbirlər xalqlarımızın dostluq və qardaşlığını daha da möhkəmləndirəcək, Əziz Əliyevin nurlu siması, onun gözəl işləri isə xalqlarımızın sülh, əməkdaşlıq və firavanlıq niyyətlərinə hələ çox xidmət edəcəkdir.

    Diqqətinizə görə təşəkkür edirəm.

    Mən fəxri bir tapşırığı - Dağıstanda yaşayan xalqların Əziz Əliyevin portretini Azərbaycan xalqına vermək tapşırığını da yerinə yetirmək istərdim. Bu portreti bizim ən yaxşı rəssamımız çəkmişdir. İcazə verin, bu tapşırığı yerinə yetirim.

    Respublika sarayı, 14 may 1998-ci il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.